BAKI, 25 iyul. TELEQRAF

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Tehrana səfəri çərçivəsində iranlı həmkarı xanım Fərzanə Sadeq ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı erməni nazir İranın Ermənistanın infrastruktur layihələrində iştirakına toxunub: "Bu, iki ölkə arasında güclü iqtisadi əməkdaşlığın və dostluq münasibətlərinin formalaşmasından xəbər verir".

Görüş zamanı yol tikintisi sektoru ilə bağlı məsələlərlə yanaşı, nəqliyyat və aviasiya sektorlarında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Tərəflər iki ölkə arasında yük daşımalarının həcmini artırmaq üçün lazımi addımların atılması barədə razılığa gəliblər.

Ermənistan-İran dövlət sərhədində Araz çayı üzərində ikinci körpünün tikintisi təşəbbüsü məsələsi də müzakirə olunub. Qeyd edilib ki, onun həyata keçirilməsi iki ölkə arasında nəqliyyat potensialını artıracaq və iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.