GÖYGÖL, 25 iyul. TELEQRAF
Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) ise Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
19:47
Göygöldə keçirilən Yaylaq festivalında taxta konstruksiyanın uçması nəticəsində xəsarət alanların sayı artıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, festival ərazisində quraşdırılmış çardaq uçaraq yaxınlıqdakı insanların üzərinə aşıb.
İlkin məlumata görə, 8 nəfər - Aytəmiz Oruci, Əli Məmmədzadə, Kamran Zeynalov, Nailə İsmayılova, Vüsət Zeynalov, Təranə Cəfərova, Həmayə Fətullayeva və 8 yaşlı D.Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirliblər.
Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyəsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görür.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
19:24
Göygöl rayonunda keçirilən Yaylaq festivalı zamanı taxtadan hazırlanmış çardaq aşıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, festival ərazisində quraşdırılmış taxta kölgəlik aşaraq insanların üzərinə düşüb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.