BAKI, 25 iyul. TELEQRAF
Oman və İran bu həftə Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı yeni bir razılaşma əldə edə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp cümə günü İrana qarşı növbəti hücumları dayandırmaq barədə əmr verib.
"İki regional mənbə danışıqlarda irəliləyiş əldə edildiyini və həftəsonu Omanla İran arasında razılaşma əldə edilə biləcəyini bildirib. Bundan sonra təklif olunan razılaşmanı qəbul edib-etməmək barədə qərar vermək Prezident Trampdan asılı olacaq", - deyə "Axios" yazır.
21 iyulda "Axios" Qətər, Misir, Pakistan və digər regional vasitəçilərin ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim etdiyini yazmışdı. Nəşr ABŞ administrasiyasının təklifi nəzərdən keçirdiyini bildirib. Cümə günü Ağ Evdə jurnalistlərlə keçirilən görüşdə Tramp münaqişənin həlli üçün İran nümayəndələrinin təkliflərini dinləməyə hazır olduğunu qeyd edib.