BAKI, 25 fevral. TELEQRAF

Vaşinqton ABŞ qoşunlarını Avropadan çıxarmaq qərarına gələrsə, Fransa Almaniyada nüvə qüvvələri yerləşdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.​

Fransa rəsmisi nəşrə deyib ki, bu durumda Almaniya ərazisində bir neçə nüvə silahlı döyüş təyyarəsi yerləşdirmək çətin olmayacaq. Onun sözlərinə görə, bu, Rusiya üçün ciddi siqnal ola bilər.

Adının açıqlanmasını istəməyən alman diplomatlar da qeyd ediblər ki, Fransa hakimiyyətinin belə bir addımı Britaniya rəhbərliyini ondan nümunə götürməyə vadar edə bilər.​​​

Almaniya kanslerliyinə namizəd və Avropanın ABŞ-dən müstəqilliyini müdafiə edən potensial gələcək hökumət başçısı Fridrix Mers Britaniya və Fransanı regional müdafiə üçün nüvə arsenallarından istifadəni genişləndirməyə çağırıb.​​​​​​

Fevralın 21-də Mers ABŞ-nin Şimali Atlantika Müqaviləsində (NATO) nəzərdə tutulan qarşılıqlı müdafiə öhdəliklərini qeyd-şərtsiz yerinə yetirəcəyinə şübhə etdiyini bildirib.