
BAKI, 23 fevral. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampa Böyük Britaniya və Fransa sülhməramlılarının Ukraynada yerləşdirilməsi ilə bağlı planın ilkin variantını təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.
Məlumata görə, Starmer Vaşinqtonda Trampla görüşündə bu məsələyə toxunacaq, lakin onun ABŞ-dən konkret yardım istəmək ehtimal azdır. Fransa prezidenti Emmanuel Makron isə fevralın 24-də Trampla görüşərək Ukraynaya yardım və münaqişənin gedişatı ilə bağlı müzakirələr aparacaq.
Bu plan ABŞ-nin Ukraynaya hərbi qüvvə göndərməsini nəzərdə tutmur, amma sülhməramlıların təhlükəyə düşməsi halında Vaşinqtondan hava dəstəyi istənilir. Plan çərçivəsində Böyük Britaniya və Fransanın quru qoşunları, hava və dəniz qüvvələrindən istifadə ediləcək. Sülhməramlıların əsas vəzifəsi Ukraynanın infrastrukturunu, şəhər və limanlarını, o cümlədən Qara dəniz sahilini qorumaq olacaq. Eyni zamanda, atəşkəs rejiminin monitorinqi üçün pilotsuz uçan aparatlar və peyklərdən istifadə ediləcək.
Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Qruşko isə Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsinə qarşı olduqlarını bildirib.