BAKI, 22 fevral. TELEQRAF

Rusiya öz dondurulmuş 300 milyard dollarlıq aktivlərini Ukraynanın bərpasına verməyə razı ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, Rusiya bu variantı sözügedən vəsaitin bir hissəsinin münaqişənin sülh yolu ilə həlli prosesində öz nəzarətinə keçəcək ərazilərə ayrılması şərti ilə mümkün sayır.

Məlumatda, bu fikrin Moskvada müzakirə edildiyi bildirilib.

Başqa bir mənbə Moskvanın dondurulmuş aktivlərin Ukraynanın bərpası üçün istifadəsinə razı ola biləcəyini, amma konkret bölüşdürmə barədə danışmağın hələ tez olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın 300 milyard dollar dəyərində aktivlərini dondurub.

Bu aktivlərin böyük bir hissəsi Avropada yerləşir.

Qərb siyasətçiləri və KİV-ləri, Ukraynanın bərpası üçün bu aktivlərin müsadirə olunmasını dəfələrlə gündəmə gətiriblər.