BAKI, 7 fevral. TELEQRAF

Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın bir neçə ölkədən gələn mallara rüsum tətbiq etmək niyyətini tənqid edib.

Teleqraf xəbər verir ki, Şolts Avropa İttifaqına tariflər tətbiq olunacağı təqdirdə qurumun bir neçə saat ərzində buna cavab verə biləcəyini deyib.

"Qlobal iqtisadiyyatın daha az ticarət maneələrinə ehtiyacı var. Qloballaşma bütün dünyada rifahın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Mən 450 milyon əhalisi olan Aİ-nin güclü olduğunu açıq şəkildə bildirməliyəm. Amma biz qarşıdurmaya deyil, əməkdaşlığa inanırıq. Biz əlimizi uzadırıq, çünki tariflər heç kimə sərfəli deyil. Əgər ABŞ belə addımlar atsa, Avropa Komissiyası buna bir neçə saat ərzində reaksiya verə biləcək", - Almaniya kansleri qeyd edib.

Qeyd edək ki, Fevralın 1-də ABŞ prezidenti Kanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum qoyulur. Çindən gələn mallara da 10%-lik əlavə rüsumlar tətbiq edilir. Fevralın 7-də Tramp gələn həftə daha bir neçə ölkədən gələn mallara yeni tariflər tətbiq edəcəyini bildirib.