BAKI, 26 iyul. TELEQRAF
Türkiyənin Antalya vilayətində avtomobilin dərəyə aşması nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, qəza Manavqat rayonunun Taşağıl-Derebucak yolunun Beydiğin məhəlləsində baş verib. İdarəetmədən çıxan avtomobil dərəyə yuvarlanıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və jandarma əməkdaşları cəlb olunub. Xilasedicilər avtomobildə olan beş nəfərin həyatını itirdiyini müəyyən ediblər.
Antalya valisi Hulusi Şahin avtomobildə ümumilikdə yeddi nəfərin olduğunu bildirib. Onun sözlərinə görə, yaralanan iki nəfər xəstəxanaya çatdırılıb, onlardan biri hamilədir. Hadisə yerində araşdırma və xilasetmə işləri davam etdirilir.