BAKI, 21 oktyabr. TELEQRAF

Böyük Qələbələr heç vaxt bir gündə yaranmır. Onun əsasında həmişə bir başlanğıc nöqtəsi, xalqın öz xilası naminə şüurlu seçim etdiyi an dayanır. Müasir Azərbaycan üçün belə bir dönüş, Yeni Azərbaycan Partiyasının Naxçıvandakı təsis qurultayıilə başladı. Müstəqillik tariximizlə demək olar ki, yaşıd olan partiya onilliklər sonra ölkənin bütün ərazisində ərazi bütövlüyünün tam bərpasına və suverenliyin qəti şəkildə bərqərar olunmasına gətirib çıxaran dövlət modelinin təməli qoyuldu.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisdə "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar" adlı konfransda MM-in komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, bu sadə bir nəticə deyil:

“Bu regionun geosiyasi xəritəsini dəyişən və xalqa milli ləyaqətini qaytaran böyük Zəfərdir.
8-ci Qurultaydan bir neçə gün keçməsinə baxmayaraq, biz hamımız bu tədbirin, daha doğrusu, partiyamızın sədri, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışının təsirindəyik. O, öz əhatəli, dolğun nitqi ilə ölkəmizin keçdiyi tarixi dövrü, təşkilatın fəaliyyəti, Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, yeni tarixi mərhələdə əldə olunan uğurları, eyni zamanda, partiyanın gələcək fəaliyyət istiqamətlərini də müəyyən etdi.

Dövlət başçısı vurğuladı ki, indiki qurultay ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu fikir – uzaqgörən, müdrik və davamlı siyasətin nəticəsinin təsdiqidir.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindəki Qələbə strateji vəziyyəti kökündən dəyişdi. 2023-cü ilin sentyabr hadisələri isə Azərbaycanın öz ərazisinin bütün hissəsində suverenliyinin tam bərpası prosesini başa çatdırdı. Bu yeni vəziyyət, Azərbaycana bəxş edilməyib və kiminsə siyasi qərarlarının nəticəsi olmayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan işğala öz gücü ilə son qoydu və bölgədə yeni reallıqlar formalaşdırdı. Dövlətin milli məqsədlərə öz gücü ilə nail olmaq qabiliyyəti bu gün ölkənin əsas siyasi kapitalından biridir”.

Professor bildirib ki, qələbə özlüyündə dövlət strategiyasının son nöqtəsi ola bilməz:

“Onun siyasi əhəmiyyəti əldə edilmiş nəticənin davamlı inkişafa, uzunmüddətli təhlükəsizliyə, iqtisadi fəallığa və insanların azad edilmiş ərazilərə qayıdışına çevrilməsi ilə müəyyən olunur. Və bütün bu proseslər gözümüzün önündə baş verir.

Prezident çıxışında dəyişməz olaraq qalan siyasi kursun baza prinsiplərini açıqladı: dövlətçilik, siyasi-iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarından maksimum istifadə.

Ölkə başçımız qeyd etdi ki, münaqişə başa çatdıqdan sonra da hərbi qüdrətin möhkəmləndirilməsi dövlətin əsas vəzifələrindən biri olaraq qalır. Bunun mühüm siyasi məntiqi var. Sülh və təhlükəsizlik- özünü müdafiə etmək qabiliyyətindən imtina demək deyil. Əksinə, son onilliklərin təcrübəsi göstərdi ki, dayanıqlı sülh ilk növbədə dövlətin öz suverenliyini qorumaq üçün kifayət qədər siyasi, iqtisadi və hərbi resurslara malik olduğu zaman mümkündür. Ona görə də aktiv münaqişə fаzası başa çatdıqdan sonra güclü ordunun qorunub saxlanılması əvvəlki gündəliyin davamı kimi deyil, yeni təhdidlərin qarşısının alınmasının əsas alətlərindən biri kimi qiymətləndirilməlidir. Bu halda güc sülhə alternativ deyil, onun sabitliyinin qarantiyalarından birinə çevrilir.

Və əlbəttə ki, burada ideoloji təhlükəsizlik məsələsi də vacibdir. Hətta indiki reallıqda çox mühüm faktordur. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında çıxışında bildirib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. Və son günlər baş verən hadisələr bir daha Prezident İlham Əliyevin nə qədər haqlı olduğunu sübut edir.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin, ailə dəyərlərimizin, adətlərimizin təbliği, dövlətçilik ənənələrinə sədaqət və cəmiyyətin ideoloji bütövlüyünün qorunması hamımızın üzərinə məsuliyyət qoyur. Əfsuslar olsun ki, xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq dünyagörüşü formalaşmaqda olan uşaq və gəncləri, eləcə də ailələrimizi təsir altına salmağa çalışırlar.

Bu gün gənclərin düşüncələri, həyata baxışları, ailədaxili münasibətlərdə baş verən dəyişikliklər bizi narahat edir. Bəs biz nə etməliyik ki, onları bu yad təsirlərdən qoruyaq? Necə edək ki, ailələrimizə zərərli elementlər daxil olmasın? Gənclərimizi, ailələrimizi mənəvi təzyiqlərdən necə müdafiə edək? Bu aqressiya, zorakı davranış, dağıdıcılıq haradan qaynaqlanır? Necə edək ki, insanlarımız ideoloji təxribatlara məruz qalmasınlar. Demək, biz maarifləndirmə işlərini daha da gücləndirməliyik. Şablon, şüarlarla deyil, daha sadə və əsaslı şəkildə söhbətlər aparmalıyıq, görüşlər keçirməliyik. Hamımız, bütün sosial institutlar, o cümlədən, media, məktəb, ağsaqqal və ağbirçəklər aktıv olmalıyıq. Bu işdə yerli özünüidarəetmə orqanlarının, bələdiyyələrin fəaliyyəti də nəzərə alınmalıdır. Bu qurumlar, hər bir ailəni, onun üzvünü daha yaxşı tanıyır, onların gündəlik həyat tərzi haqqında məlumatları var. Ona görə də onlar bu maarifləndirmə işində fəal olmalıdırlar”.

Hicran Hüseynova vurğulayıb ki, biz milli adətlərimizi, mənəvi-əxlaqi dəyərlərimizi, nümunəvi ailələrimizi, nümunəvi gənclərimizi, pedaqolarımızı, xüsusi ilə gənc pedaqoqlarımızı təbliğ etməliyik:

“Sağlam həyat tərzini dəstəkləyən tədbirlər keçirməliyik. Uşaqlarımızın və gənclərimizin asudə vaxtını səmərəli keçirmələri üçün tədbirlər təşkil etməliyik. Gənclərimiz şəhid ailələrini, qazilərimizi tanımalıdır. Nüfuzlu ictimai xadimlərlə tez-tez görüşlər keçirilməlidir. Bir ölkənin varı-dövləti, gücü- təkcə yeraltı və yer üstü sərvəti, iqtisadiyyatı, ordusu ilə ölçülmür. Ölkənin var-dövləti, sərvəti həm də, onun vətəndaşıdır, gəncidir, ailəsidir. Ona görə də iki mühüm amili unutmaq olmaz: təhsil və vətənpərvərlik hissi. Təhsil, bilik hər zaman bütün qaranlıq dünyaların açarı olub və bu gün də belədir. Vətəni sevmək, dövlətə, dövlətçiliyə sədaqətli olmaq isə həmin ölkənin rifahı və təhlükəsizliyinin qarantıdır.

Müasir dünyada suverenlik çoxdan bayrağın, sərhədlərin və dövlət institutlarının mövcudluğu ilə məhdudlaşmır. Real suverenlik milli prioritetləri müstəqil şəkildə müəyyən etmək, təhlükəsizliyi təmin etmək, inkişafı maliyyələşdirmək və xarici havadarlıqdan asılı olmadan xarici siyasət həyata keçirmək qabiliyyətini nəzərdə tutur.

Biz təkcə Vətənimizlə fəxr etməli deyilik, həm də onun gücləndirilməsi və möhkəmləndirilməsi üçün hər şeyi etməliyik. Çünki Azərbaycanın yeni tarixi göstərdi: kritik məqamlarda yalnız özümüz, vahid yumruq kimi birləşərək bütün çağırışlara tab gətirməyə qadirik”.