BAKI, 21 oktyabr. TELEQRAF
Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliya zədə səbəbindən 9 ay yaşıl meydanlardan kənarda qala bilər.
Teleqraf xəbər verir ki, bu barədə zədələrdən sonra reabilitasiya üzrə ixtisaslaşan ispan fizioterapevt Anxel Vilyanueva sosial şəbəkə hesabında paylaşım edib.
Mütəxəssis gürcüstanlı futbolçunun zədələndiyi epizodun videosunu təhlil etdikdən sonra onun ön çarpaz və daxili yan bağlarının birlikdə zədələnə biləcəyini bildirib.
Vilyanuevanın sözlərinə görə, epizod zamanı futbolçunun sağ dizində bağ zədələri üçün xarakterik olan məcburi əyilmə müşahidə olunur. O, bərpa müddətinin 9 ay çəkə biləcəyini qeyd edib.
Qeyd edək ki, Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Barselona” ilə matçda zədələnib. PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə start heyətində meydana çıxan vinger 59-cu dəqiqədə əvəzlənib. Futbolçu ayağının üzərinə basa bilmədiyi üçün meydanı komanda yoldaşlarının köməyi ilə tərk edib.
Kvaratsxeliyanın zədəsinin ağırlığı və bərpa müddəti ilə bağlı yekun tibbi rəy hələ açıqlanmayıb.