BAKI, 21 oktyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubunun hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 20 yaşına qədər vurulan qolların sayına görə Kilian Mbappenin rekordunu təkrarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Eurofoot” məlumat yayıb.
19 yaşlı futbolçu turnirin Liqa mərhələsinin III turunda PSJ ilə matçda (2:4) fərqlənərək Çempionlar Liqasındakı qollarının sayını 13-ə çatdırıb. Bununla da o, 20 yaşına qədər turnirdə ən çox qol vuran futbolçular sırasında “Real”ın hücumçusu Kilian Mbappe ilə bərabərləşib.
Qeyd edək ki, Yamal 20 yaşını 2027-ci il iyulun 13-də qeyd edəcək. Bu səbəbdən ispaniyalı hücumçu qarşıdakı oyunlarda qol sayını artıraraq fransalı futbolçunu geridə qoya bilər.