BAKI, 21 oktyabr. TELEQRAF

Cari ilin ilk 9 ayında 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib.

Teleqraf xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən parlamentdə keçirilən “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda deyib.

O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən görülən bu işlər nəticəsində 2552 hektar torpaq sahəsinin icarəyə verilməsi, 13 hektarının isə mülkiyyətə verilməsi ilə dair qanunsuz bələdiyyə qərarları ləğv olunub:

“Eyni zamanda bu qeyd olunan torpaq sahələrinin 2040 hektarını örüş sahələri əhatə edir. Həmin torpaqların geriyə qaytarılması, yəni bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı tərəfimizdən tədbirlər görülüb. Bu kənd təsərrüfatının dəstəklənməsi torpaqların yerlərdə daha düzgün və ədalətli paylanmasına gətirib çıxarıb”.

E.Həsənov söyləyib ki, torpaqlardan düzgün istifadə ilə yanaşı torpaqlarla bağlı icarə haqlarının eyni zamanda torpaq vergilərinin də düzgün hesablanması nazirliyin əsas prioritet fəaliyyət istiqamətlərindən biridir:

“Belə ki, Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş strateji hədəflərə dair 2026-cı il üzrə planda bələdiyyə torpaqlarına dair icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili ilə bağlı müvafiq tapşırıq verilib. Verilən tapşırıq çərçivəsində tərəfimizdən bələdiyyələrin hazırda istifadə və icarədə olan torpaqlar təhlil olunub və bu zaman müəyyən qədər burada çatışmazlıqların olduğu müəyyənləşdirilib. Həmin məsələlər haqda rtıq metodoloji işə başlanılıb”.