BAKI, 21 oktyabr. TELEQRAF
Qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Ədən şəhərində Səudiyyə Ərəbistanının əməliyyat qərargahına ballistik raketlə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya məlumat verib.
“Silahlı qüvvələrimiz Ədəndəki Bədr düşərgəsində Səudiyyə Ərəbistanının əməliyyat qərargahına ballistik raketlə zərbə endirməyə nail olub”, - o bildirib.
Səriyanın iddiasına görə, zərbə dəqiq hədəfə dəyib.
“Al Arabiya” telekanalı bundan əvvəl Ədən beynəlxalq hava limanına zərbə endirildiyini və ərazidə partlayış səsinin eşidildiyini bildirmişdi. Bədr hərbi düşərgəsi hava limanının yaxınlığında yerləşir.