BAKI, 7 oktyabr. TELEQRAF

Hindistan taxıl və enerji daşıyıcılarının fasiləsiz tədarükünü təmin etmək məqsədilə Rusiya və Ukrayna arasında üç bənddən ibarət atəşkəs planı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Hindustan Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, plan enerji obyektlərinə və digər infrastruktura hücumların dayandırılmasını, Qara dəniz limanları vasitəsilə taxıl və enerji daşıyıcılarının fasiləsiz tədarükünün təmin edilməsini, həmçinin bu strateji əhəmiyyətli su yolunda ticarət gəmilərinə zərbələrin dayandırılmasını nəzərdə tutur.

Qeyd edilib ki, Hindistanın planı Misir, Türkiyə və ABŞ-nin ayrı-ayrılıqda irəli sürdüyü atəşkəs təkliflərindən daha genişdir, həm infrastrukturu, həm də kommersiya gəmiçiliyini əhatə edir. Plan ötən ay xarici işlər naziri Subramanyam Cayşankarın Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyinin diqqətinə çatdırılıb.

Mənbələrin sözlərinə görə, Hindistanın Rusiya-Ukrayna müharibəsinin dayandırılması səyləri üçün ciddi səbəbləri var, Dehli Rusiyadan enerji daşıyıcılarının fasiləsiz tədarükünün təmin olunmasında maraqlıdır.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ötən həftə Kiyevin Hindistan, Türkiyə, Misir və ABŞ-dən atəşkəslə bağlı dörd təklif aldığını açıqlamışdı.