BAKI, 18 avqust. TELEQRAF
“Şimali Koreyadan on minlərlə hazırlıqlı döyüşçünün gəlməsi Rusiyaya resurslarını Ukrayna ordusu üçün gözlənilməz istiqamətdə hücuma yönəltməyə imkan verə bilər”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin yerli mediaya deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Rusiyada 30-50 min Şimali Koreya hərbçisinin yerləşdirilə biləcəyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, artıq Moskva və Pxenyan bu barədə qərar qəbul edib. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski də analoji fikirləri səsləndirib.
Bu açıqlamaları şərh edən Dandıkin iddia edib ki, Şimali Koreya xüsusi təyinatlıları artıq Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsi zamanı özlərini göstəriblər. Buna əsaslanaraq o, Şimali Koreya əsgərlərinin Bryansk, Kursk və Belqorod vilayətlərində Rusiya sərhədinin qorunması məqsədilə istifadə oluna biləcəyini ehtimal edir.
O hesab edir ki, Şimali Koreyadan olan döyüşçülər sərhədyanı rayonlarda yerləşdirilsə, bu, Rusiya Silahlı Qüvvələrinə Ukrayna üçün gözlənilməz istiqamətlərdən hücum etməyə imkan verə bilər:
“Xarkov istiqamətində böyük perspektivlərimiz var. Kazak Lopanın azad edilməsindən (işğalından – red.) sonra Xarkov şəhərinə birbaşa yolumuz açılacaq”.