BAKI, 10 avqust. TELEQRAF
Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 13 nəfər ölüb, 78 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Minnixanov məlumat verib.
Ukraynanın Rusiyanın Tatarıstan Respublikasına endirdiyi pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 75 nəfər yaralanıb.
Yerli rəsmilər həlak olanlar arasında bir uşağın olduğunu təsdiqləyiblər.
Ukrayna Silahlı Qüvvələri sərhəddən 1100 kilometrdən çox məsafədə yerləşən Nijnekamsk şəhərindəki "Taneko" neft emalı zavodunun vurulduğunu bəyan edib.
Bu, Moskvanın 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibəyə başlamasından bəri Rusiyaya qarşı həyata keçirilən ən ölümcül hücumlardan biridir.
***
15:48
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 7 Özbəkistan vətəndaşı həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Omonnula Fayziyev məlumat verib.
Fayziyev Tatarıstan rəhbərinin mətbuat xidmətinin açıqlamasını təsdiqləyərək bildirib: “Bəli, yeddi vətəndaşımız həlak olub”.
Tatarıstan Rəisi Rüstəm Minnixanovun mətbuat xidməti bundan əvvəl Nijnekamskın bu gün Ukraynanın dron hücumuna məruz qaldığını açıqlayıb. Hücum zamanı həm sənaye, həm də mülki obyektlərin hədəfə alındığı iddia edilib. Son məlumata görə, biri uşaq olmaqla 13 nəfər həlak olub, 75 nəfər tibbi yardıma müraciət edib, onlardan 21-i xəstəxanaya yerləşdirilib.
Tatarıstanda matəm günü elan edilib. Rusiya İstintaq Komitəsi baş vermiş hadisə ilə əlaqədar cinayət işi açıb. Daha sonra Tatarıstan rəhbərinin mətbuat xidməti ölənlər arasında Özbəkistan və Tacikistan vətəndaşlarının olduğunu açıqlayıb.