BAKI, 8 avqust. TELEQRAF
“Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi istifadə etməkdə maraqlı olmadıqda, ona arxasını çevirəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Rusiya rəsmisinin iddiasına görə, Avropa İttifaqı və ABŞ Ermənistan və vətəndaşlarının rifahında maraqlı deyil. Medvedev hesab edir ki, İrəvanın Qərblə daha da yaxınlaşması fonunda Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistan üçün ciddi nəticələrə səbəb ola bilər:
“Avropa İttifaqı və ABŞ bu ölkənin vətəndaşlarının rifahına qətiyyən əhəmiyyət vermir. Ermənistan bir gün onlar üçün Rusiyaya qarşı alət kimi maraqlı olmadıqda, Qərbin “siyasi flügerləri” bütün vədlərindən dərhal imtina edəcəklər, sanki bu vədlər heç vaxt olmamış kimi”.
O əlavə edib ki, İrəvan Qərblə yaxınlaşma yolunu davam etdirməsinə baxmayaraq, ABŞ və Aİ Ermənistanı dəstəksiz qoya bilər.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavininin fikrincə, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana, bəlkə də daha pis nəticələrə gətirib çıxara bilər.