BAKI, 30 iyun. TELEQRAF
Ukrayna son bir ayda dronlardan istifadə etməklə həyata keçirdiyi misli görünməmiş hava kampaniyasını xeyli genişləndirib, dörd ildən sonra ilk dəfə müharibənin sərt reallığı adi Rusiya vətəndaşları üçün də aydın hiss olunmağa başlayıb. Amma bu durumun Rusiya lideri Vladimir Putinin planlarına ciddi təsir etdiyi görünmür.
Teleqraf xəbər verir ki, bu barədə CNN yazıb.
Məqalədə bildirilir ki, Ukraynanın zərbə kampaniyasının məqsədi Rusiyanın hərbi iqtisadiyyatını zəiflətmək, müharibənin davam etdirilməsinin Kreml üçün iqtisadi-siyasi xərclərini artırmaqdır. Hədəflər diqqətlə seçilir: neft emalı zavodları, neft terminalları, hərbi dəniz gəmiləri və Rusiyanın dərinliklərində yerləşən silah istehsalı müəssisələri.
Rusiya boyunca yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində avtomobil növbələrinin getdikcə uzandığı deyilir. Hətta uğursuzluqlarını çox vaxt kiçiltməyə çalışan Kreml üçün də vəziyyətin ciddiliyini görməzdən gəlmək çətinləşib. Putin ötən həftəsonu təcili müşavirə keçirərək ölkənin benzin ehtiyatlarının narahatedici həddə qədər azaldığını bəyan edib.
Vladimir Putin həmçinin deyib ki, Rusiya hücumların mülki obyektlərə və infrastruktura təsirini minimuma endirməlidir.
CNN-in qeyd edib ki, bu bəyanat Rusiya liderinin əvvəllər Ukraynanın dron hücumlarını əhəmiyyətsiz adlandırmasından sonra ritorikasında açıq dəyişiklikdir:
“İroniya ondadır ki, əvvəllər Ukraynanın enerji infrastrukturunun sistemli şəkildə məhv edilməsi Rusiyanın əsas hərbi strategiyalarından biri idi. İndi isə görünür, Ukrayna bu məntiqi tamamilə tərsinə çevirib və ruslar həmin strategiyanın nəticələrini öz üzərlərində hiss etməyə başlayıblar”.
Ukraynanın son effektli addımları Qərbdə müəyyən ümid yaradıb. Rəsmilərin fikrincə, Ukraynanın kampaniyası Rusiyanın yanacaq və hərbi texnika təchizatını pozaraq Moskvanın cəbhədəki əməliyyatlarını ləngidir, vəziyyət Ukraynanın xeyrinə dəyişməyə başlayıb.
CNN-nin mənbələri həm də hesab edirlər ki, Rusiyanın hazırkı problemlərinin Kremli güzəştə məcbur edəcəyini düşünmək düzgün olmaz. Ən azı yaxın perspektivdə belə bir ehtimal zəif görünür:
“Putin onilliklər ərzində özünü güzəştsiz lider kimi təqdim edən, əslində isə kifayət qədər kövrək siyasi obraz formalaşdırıb. Bu isə onun üçün Ukraynada kapitulyasiya etməyi, geri çəkilməyi və ya hətta kompromisə getməyi son dərəcə çətin və az ehtimallı edir”.
Qərbin ən nikbin qiymətləndirmələrinə görə, Rusiyan dörd illik müharibədə Ukraynada bir milyondan hərbçi itirsə də, Moskva hələ də iddia etdiyi Ukraynanın dörd vilayətinə tam nəzarəti ələ keçirə bilməyib.
Mənbənin fikrincə, Moskvada qəti qələbə kimi təqdim edilə bilməyən hansısa razılaşma Rusiya daxilində ciddi siyasi fikir ayrılıqlarına səbəb ola bilər. Bu səbəbdən Rusiyada müşahidə olunan yanacaq qıtlığı ciddi problem olsa da, onu Kremlin təslim olmağa hazırlaşmasının əlaməti kimi qiymətləndirmək olmaz.