BAKI, 27 avqust. TELEQRAF
“Mərkəzi Asiyanın Yaşıl Kəməri” təşəbbüsünün icrası çərçivəsində Qazaxıstanda 1 milyon hektardan çox ərazidə meşə plantasiyalarının yaradılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “First Carbon Group Ltd.” Şirkəti meşə-iqlim layihələri və karbon kreditləri sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Sənəd meşə plantasiyalarının salınması, deqradasiyaya uğramış torpaqların və ekosistemlərin bərpası, istixana qazlarının udulmasının artırılması, karbon vahidlərinin formalaşdırılması, həmçinin beynəlxalq iqlim və investisiya maliyyələşməsinin cəlb edilməsinə imkan verən layihələrin həyata keçirilməsi üçün əsas yaradır.
Memorandum daha da genişləndirilməsi potensialı ilə təxminən 100 min hektar ərazidə süni meşələrin salınmasını nəzərdə tutur. Ekologiya Nazirliyinin açıqlamasında bildirilib ki, ümumilikdə, “Mərkəzi Asiyanın Yaşıl Kəməri” təşəbbüsünün icrası çərçivəsində ölkə üzrə 1 milyon hektardan çox ərazidə meşə plantasiyalarının yaradılması planlaşdırılır.