BAKI, 10 iyun. TELEQRAF

“KTMT-yə üzv dövlətləri Ermənistanın iki ildir üzvlük haqqını ödəməməsi səbəbindən təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“İyunun 7-də - Ermənistan seçkiləri günü həmkarım Ararat Mirzoyan KTMT ilə bağlı suala cavab olaraq dedi ki, “Biz üzvlük haqqı ödəmirik, çünki iştirak etmirik”. Bu gün bu vəziyyətdə nə edəcəyimizi müzakirə etdik. Ermənistan iki ildən çoxdur KTMT büdcəsi üzrə borcludur. Bu, KTMT Nizamnaməsində nəzərdə tutulan məqamdır. Bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsinin aktivləşdirilməsini nəzərdən keçirmək barədə razılığa gəldik”, - Lavrov qeyd edib.

KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlətlər iki il ərzində təşkilatın büdcəsinə olan borclarını ödəmək öhdəliklərini yerinə yetirmədikdə, qurum həmin dövlətin vətəndaşlarının təşkilat daxilində kvota vəzifələrini irəli sürmək hüququnu dayandırmaq, eləcə də borc tam ödənilənə qədər onları təşkilatın orqanlarında səs vermək hüququndan məhrum etmək qərarına gəlir.