BAKI, 12 may. TELEQRAF
Pakistan Xarici İşlər Nazirliyi CBS telekanalının İranın hərbi və mülki təyyarələrinin hücumlardan qorunmaq üçün ölkəyə göndərilməsi ilə bağlı xəbərini “yanlış” adlandıraraq təkzib edib.
Teleqraf xəbər verir ki, bəyanatda bunun hərbi məsələlərlə əlaqəli olmadığı qeyd edilib.
Nazirlik bildirib ki, atəşkəsin əldə olunmasından və danışıqlar prosesinin başlamasından sonra bəzi təyyarələr nümayəndə heyətlərinin daşınmasını asanlaşdırmaq məqsədilə Pakistana daxil olub. Həmçinin həmin təyyarələrin və dəstək qüvvələrinin bir hissəsinin növbəti danışıqlara hazırlıq üçün müvəqqəti olaraq ölkədə saxlanıldığı qeyd edilib.
“Hazırda Pakistanda yerləşən İran təyyarələri atəşkəs dövründə ölkəyə daxil olub və bunlar hansısa hərbi ssenari və ya müdafiə tədbirləri ilə əlaqəli deyil”, - Pakistan XİN vurğulayıb.
CBS mayın 11-də ABŞ rəsmilərinə istinadla xəbər vermişdi ki, İran özünün bir sıra hərbi təyyarələrini müharibədən qorumaq üçün Pakistanın Nur Xan hərbi hava bazasına, bəzi mülki təyyarələrini isə Əfqanıstana göndərib.