
BAKI, 10 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp xarici ölkə məhsullarına tariflərin tətbiqini 90 günlüyə dondurmağa qərar versə də, Çin bunun xaricində qalıb. Ağ Evin mətbuat katibi Kerolayn Levitt Çin lideri Si Cinpinin Trampla razılıq əldə etmək istədiyini bildirsə də, Pekinin hələlik konkret təkliflərinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, Pekin razılaşarsa, Tramp ona qarşı daha xeyirxah olacaq. Levitt buna baxmayaraq, Pekinin Amerikaya meydan oxumasının cidd səhv olduğunu sözlərinə əlavə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Ağ Evin açıqlaması göstərir ki, Tramp başqa dövlətlərə güzəştə hazır olsa da, Pekinlə sərt dildə danışmaqda davam edəcək:
“Tramp Çinlə münasibətlərdə geri çəkilmək fikrində deyil. Trampı özündən çıxaran Pekinin cavab olaraq Amerika mallarına tarifləri artırması olub. Tramp Çin məhsullarına qarşı ilkin olaraq tarifləri 34 faiz qaldıracağını elan etdikdən sonra Pekin Amerika məhsullarına tarifləri 50 faizə qədər artıracağını bəyan etdi. Tramp bunu Amerikaya qarşı hədə kimi qiymətləndirdi. Levitt xatırladıb ki, Trampın “polad onurğası” var. Həmçinin o, Trampın Cinpinlə telefon danışığına hazır olduğunu da bildirib. Tramp ticarət komandasına o göstərişi də verib ki, ABŞ ilə yeni ticarət müqaviləsi bağlamaq istəyən dövlətlərlə müzakirələr başlasın.
Vaşinqtonla Pekin arasında ticarət müharibəsi davam edərkən, bu iki ölkə arasında başqa mövzu ətrafında da gərginlik səngimir. Vaşinqton Çini Panama kanalından sıxışdırıb çıxarmağa çalışır. ABŞ müdafiə naziri Pit Heqset Panamanın ictimai təhlükəsizlik naziri Frank Abreqo ilə birgə mətbuat konfransında deyib ki, iki ölkə kanalın təhlükəsizliyi və istismarı ilə bağlı birgə bəyannamə imzalamaq niyyətindədir. Pentaqon rəhbəri niyə tələsdiklərini belə izah edib: “Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin mənfi təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin yox, Amerika tərəfindən qorunmalı olan əsas ərazidir”.
Məqalədə vurğulanır ki, Panama dövləti Vaşinqtonun təzyiqi qarşısında geri addım atıb:
“Birincisi, Panama ABŞ-nin döyüş və dəstək gəmilərinin kanaldan gömrük haqqı ödəmədən keçidinə razılaşıb. İkincisi, Panama kanal ətrafındakı limanları işlədən Çin şirkətləri ilə müqaviləni uzatmayacağını bəyan edib. Heqset gizlətməyib ki, Çinin Panama kanalındakı limanlar üzərində hökmranlığı ABŞ-nin təhlükəsizliyi üçün qəbuledilməz risk yaradır.
Əslində, ABŞ Panama kanalına nəzarəti ələ keçirməklə Çinin qlobal ticarətdəki mövqelərini zəiflətməyə çalışır. Pekinin ABŞ-nin Panama kanalından istifadə məhdudiyyətini əngəlləmək imkanları azdır”.