BAKI, 9 aprel. TELEQRAF

Amerika hərbi komandanlığı Çinlə hərbi qarşıdurmaya icazə verir, amma silah çatışmazlığı ABŞ-nin potensial müharibəyə hazır olub-olmaması kimi bir narahatlığı da ifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.

Nəşr yazır ki, Yəməndə husilərə qarşı genişmiqyaslı zərbələr kampaniyası ABŞ-nin dəqiq silahlar arsenalını əhəmiyyətli dərəcədə tükəndirib, hərbi komandanlıq Pentaqonun tezliklə Asiya-Sakit okean regionundakı anbarlardan uzaqmənzilli dəqiq silahları Yaxın Şərqə daşımalı olacağından qorxur.

ABŞ-nin Sakit okean bölgəsindəki hazırlığı da sual altındadır. Çünki İsrail-HƏMAS müharibəsi və husilər fələstinliləri dəstəkləmək üçün Qırmızı dənizdə gəmilərə hücuma başlayandan sonra Pentaqon Yaxın Şərqə xeyli sayda döyüş gəmisi və təyyarələr göndərib.

Pentaqondan bildirilib ki, Hərbi Dəniz Qüvvələri və Hind-Sakit okean Komandanlığı Yəməndə hərbi sursatların sürətlə istifadəsindən çox narahatdır. Qeyd edilir ki, Pentaqon Asiyada müharibə baş verəcəyi təqdirdə real əməliyyat problemləri ilə üzləşə bilər.

Yəmən kampaniyası zamanı “tomahawk”, “AGM-154 Joint Standoff Weapon” və AGM-158 Joint Air-to-Surface Standoff Missile” kimi silahlardan istifadə olunub. Amerikalı hərbi strateqlərin fikrincə, Çin ordusunun Cənubi Çin və Şərqi Çin dənizlərində və Sakit okeanda hücumlarına qarşı çıxmaq üçün lazım olacaq silah növləri məhz bunlardır.

Rəsmilərin sözlərinə görə, bu silahların ehtiyatları ABŞ-nin Quam, Okinava, Yaponiya və Sakit okeanın qərbindəki hərbi bazalarında yerləşir. Rəsmilər deyirlər ki, Pentaqon husilərlə mübarizədə bunlardan istifadə etməli deyil, amma yaxın gələcəkdə buna ehtiyac ola bilər.