
BAKI, 11 aprel. TELEQRAF
Rüsum müharibəsinin qalibi olmayacaq.
Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində İspaniyanın Baş naziri Pedro Sançez ilə görüşü zamanı deyib.
“Rüsum müharibələrinin qalibi olmur. Əgər bir ölkə özünü bütün dünyaya qarşı qoyarsa, bütün dünya ilə mübarizə apararsan sonda tamamilə təcrid olunacaq",- o qeyd edib.
Çin liderinin sözlərinə görə, Pekin və Avropa İttifaqı (Aİ) dünyanın ən böyük iqtisadi güclərindən biridir və hər iki tərəf iqtisadi qloballaşmanı və azad ticarəti dəstəkləyir.
"Avropa İttifaqı və Çin birtərəfli təzyiqlərə qarşı birgə mübarizə aparmalı, yalnız öz qanuni maraqlarını deyil, həm də beynəlxalq ədaləti və mövcud qayda-qanunları qorumalıdır",- o vurğulayıb.
Qeyd edək ki, aprelin 9-da ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən mallara 125% rüsum təyin edib.