GORANBOY, 16 aprel. TELEQRAF

Goranboyda yağan güclü yağışlar selə səbəb olub, iki kənd yolu bağlanıb.

Teleqraf-un yerli bürosunun məlumatına görə, güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsi də artıb.

Rayonun bəzi yaşayış məntəqələrində, o cümlədən Tap Qaraqoyunlu kəndində kənddaxili küçələrə və bir neçə fərdi təsərrüfata sel suları dolub.

Bundan əlavə, Goranlı və Qazançı kəndlərinə gedən əsas avtomobil yolu da sel sularının təsirindən bağlanıb.

Hazırda Goranboy Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası hadisə baş verən ərazilərə baxış keçirir.

Eyni zamanda, Suvarma Sistemlərinin İstismarı İdarəsinin texnikaları əraziyə cəlb olunub. Məqsəd sel sularının daha geniş ərazilərə yayılmasının qarşısını almaq və mümkün fəsadları aradan qaldırmaqdır.

Qeyd edək ki, Gəncə və ətraf bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.