BAKI, 10 aprel. TELEQRAF

Rəsmi Pekin Ukrayna Prezidenti Volodimir Zelenskinin Çin vətəndaşlarının müharibədə iştirakı ilə bağlı sözlərini “məsuliyyətsiz ifadələr” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

Onun sözlərinə görə, Çin Ukrayna böhranında tərəf deyil və məsələlərin sülh yolu ilə həllini fəal şəkildə müdafiə edir:

“Çin hökuməti həmişə öz vətəndaşlarından silahlı münaqişə zonalarından uzaq durmağı, hər hansı formada silahlı münaqişələrdə iştirakdan çəkinməyi, xüsusilə də hər hansı bir tərəfin hərbi əməliyyatlarında iştirak etməməyi tələb edib. Biz müvafiq tərəflərə Çinin rolunu düzgün və aydın anlamağı və məsuliyyətsiz ifadələrdən çəkinməyi tövsiyə edirik”.

Xatırladaq ki, Ukrayna prezidenti bundan öncə Rusiya ordusunun sıralarında döyüşən iki Çin vətəndaşının Donetsk vilayətində əsir götürüldüyünü açıqlayıb. Həmçinin Zelenskinin Ukraynada Rusiya tərəfində döyüşən 155 Çin vətəndaşının şəxsi məlumatlarının olduğunu deyib. O, Çinin Şimali Koreya və İrandan sonra müharibədə Rusiyaya açıq dəstək verən növbəti ölkə olduğunu iddia edib.