BAKI, 10 aprel. TELEQRAF

Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov və ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirib.

Teleqraf xəbər verir ki, görüş zamanı Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib.

“ABŞ Dövlət katibi Marko Rubio ilə Özbəkistan və Amerika arasında strateji tərəfdaşlığın cari dinamikası və gələcək istiqamətləri barədə hərtərəfli fikir mübadiləsi aparmaq üçün görüşməkdən məmnunuq. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, regional əlaqələrin inkişafı, həmçinin Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsi daxil olmaqla, əsas mövzuları müzakirə etdik”, - özbək nazir bildirib.

Saidov əlavə edib ki, Daşkənd ABŞ-nin Özbəkistanda aparılan islahatlara güclü dəstəyini yüksək qiymətləndirir:

“Biz strateji tərəfdaşlıq çərçivəsində yüksək səviyyəli dialoqu və praktiki əməkdaşlığı davam etdirməklə ikitərəfli münasibətlərin müsbət dinamikasını saxlamaq barədə razılığa gəldik”.