BAKI, 9 aprel. TELEQRAF

ABŞ və Özbəkistan kritik faydalı qazıntılar sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Vaşinqtonda baş tutan görüşlərdə hər iki ölkənin nümayəndələri əməkdaşlıq sazişlərini imzalayıblar. Saziş faydalı qazıntıların kəşfiyyatı və hasilatına sərmayələrin yatırılması üzrə razılaşmaların əldə edilməsi ilə nəticələnib.

Bundan əlavə, ABŞ və Özbəkistan incə filiz əldə etmə komplekslərinin tikintisi və faydalı qazıntıların çıxarılması sahəsində yeni texnologiyaların tətbiqi ilə bağlı da razılığa gəliblər. Bu təşəbbüs çərçivəsində ABŞ Özbəkistandan olan mütəxəssislərin ixtisaslarının artırılmasına da dəstək verəcək.

Xatırladaq ki, bu həftə Vaşinqton digər keçmiş Sovet İttifaqı ölkəsi olan Ukrayna ilə faydalı qazıntılar sahəsində danışıqlara başlayacaq. Kiyevdən gələn nümayəndə heyətinə iqtisadiyyat, xarici işlər, ədliyyə və maliyyə nazirliklərinin nümayəndələri daxil olacaq.