BAKI, 15 aprel. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü hüququ ilə bağlı sözləri ilə razılaşmayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə “Kommersant” qəzetinə müsahibəsində bildirib.

“Prezident Tokayevin bu çıxışını xatırlayıram, onunla razı deyiləm. Sonradan qazaxlı dostlarımıza mövqeyimizi izah etmişik. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona bir daha bildirirəm ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, təşkilatın nizamnaməsinə tam hörmət etməlidirlər. Hökumətləri müəyyən bir ərazidə yaşayan bütün xalqları təmsil edən ölkələrdə ərazi bütövlüyü hüququna hörmət olunur”, - Lavrov deyib.

Qazaxıstan prezidenti bundan əvvəl söyləmişdi ki, xalqların öz müqəddəratını təyinetmə hüquqları rəhbər tutulsa, dünyada bir çox regional münaqişələr baş verə bilər. Güman olunur ki, Lavrovun etirazı Qazaxıstanda yaşayan “etnik rusların hüquqlarına hörmət” kontekstində edilib.