BAKI, 11 aprel. TELEQRAF

Özbəkistan vətəndaşlarına münasibətdə rus dilində ünsiyyət qurmamağa çağırışlar onların hüquqlarını pozur və məsuliyyətə səbəb olur.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.

“Vətəndaşlara ana dilində danışmaq, təhsil almaq və mədəni irsini inkişaf etdirmək üçün bərabər hüquqlar təmin edilir. Özbəkistan vətəndaşlarının dildən istifadə etmək hüquqlarının pozulması və ya bu əsasda münaqişələrin qızışdırılması məsuliyyətə səbəb ola bilər”, - qurum bildirib.

Bundan əvvəl özbək bloger Xociəkbər Nosirov Daşkənd kafelərindən birində əməkdaşların onunla rus dilində danışmasına sərt təpki verib. Bloger ölkəsində rus dilini bilməməyin insanların işə götürülməsinə mane olduğunu bildirib. Nosirov bu problemin həllinə çağırış edib. Blogerin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, Özbəkistanın 1989-cu ildə qəbul edilmiş “Dövlət dili haqqında” qanununda özbəkcə dövlət, rusca isə millətlərarası ünsiyyət dili elan olunub.