BAKI, 10 aprel. TELEQRAF

Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Mərkəzi Asiya ölkələrinin (Özbəkistan, Qazaxıstan və Türkmənistan) Kiprin yunan tərəfi ilə bağlı son qərarlarını belə şərh edib:

“Mərkəzi Asiyanın türk dövlətlərini Kipr Respublikasını (adanın yunan tərəfi və ya Cənubi Kipr) rəsmən tanımağa, hətta orada səfirlik açmağa nə məcbur edib? Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər. Mərkəzi Asiya ölkələri Kipr Respublikasının ardınca Şimali Kipr Türk Cümhuriyyətini tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı. Ancaq Mərkəzi Asiya ölkələrinin ŞKTC-ni tanıyacaqlarına işarə edən heç nə yoxdur. Digər yandan, region ölkələrinin Kipr Respublikası ilə eyni anda əlaqələr qurması həmin dövlətlərin bunu bir-biri ilə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankara, nə də Bakının əvvəlcədən xəbəri olub.

Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığım və dostluq etdiyim qazax həmkarımla əlaqə saxladım. Qeyd etdiyim sualları ona ünvanladım. Qazax həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub”.

Elxan Şahinoğlu əlavə edib ki, Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırım və ortaq layihələrin reallaşmasını vəd edib:

“Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil. Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Şimali Kiprlə əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib. Şimali Kipr Prezidenti Ərsin Tatar və bu ölkənin ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan liderinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir.

Həmçinin İlham Əliyev Avropa İttifaqı və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını da vurğuladı. Bunları əsas götürərək, deyə bilərik ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil”.