BAKI, 16 aprel. TELEQRAF
İsrail ABŞ qoşunlarının Suriyadan çıxarılmasının Türkiyə ilə münasibətlərdə gərginliyin artmasına səbəb olacağından ehtiyat edərək, bunun qarşısını almağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
Məqalədə deyilir ki, Ankara Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya nəzarətini genişləndirib və bu səylərini davam etdirir. Qeyd olunur ki, hazırda Amerika hərbi kontingenti Suriyanın şərq və şimalında bir neçə strateji regionda “sabitləşdirici qüvvə” kimi fəaliyyət göstərir.
Nəşrin fikrincə, İsrail amerikalıların geri çəkilməsi ilə Türkiyənin yerdəki əlavə strateji hərbi obyektləri ələ keçirməsindən ehtiyatlanır.
İsrail qəzetinin iddiasına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Suriya da daxil olmaqla, Türkiyəni regionda gücləndirmək üçün bütün fürsətlərdən məharətlə yararlanır:
“(Qəzzada) Müharibə başlayandan bəri onun İsrailə qarşı ritorikası İsrailin narahatlığına səbəb olub. Xüsusən də Türkiyənin İsrailin şimal sərhədinə yaxınlaşması kontekstində.
Türkiyə rəsmi olaraq düşmən ölkə olmasa da, İsrail Baş naziri Benyamin Netanyahunun dediyi kimi: mürəkkəb dövlətdir”.
Xatırladaq ki, “Sky News Arabia” bundan əvvəl ABŞ-nin Suriyanın Deyr əz-Zor vilayətindəki hərbi bazadan qüvvələrini çıxarmağa başlaması haqda məlumat yaymışdı. İddiaya görə, Suriyadan çıxarılan hərbçilər İraqa daşınır.