BAKI, 16 aprel. TELEQRAF
Fransa diplomatları Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubun hazırlanmasında iştirak ediblər. Məqsəd fevralın 28-də Ağ Evdə baş vermiş mübahisədən sonra ABŞ və Ukrayna arasında əlaqələrin bərpası olub.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr qeyd edir ki, Fransa, Böyük Britaniya və Almaniyadan olan diplomatlar bir neçə həftə ərzində Tramp və Zelenski arasında münasibətləri necə normallaşdırmağın yollarını axtarıblar. Nəşrə danışan adının açıqlanmasını istəməyən bir rəsmi bildirib ki, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşları Zelenskinin barışıq məktubunun məzmununun müzakirəsində birbaşa iştirak ediblər.
Həmin məktubun məqsədi Tramp-Zelenski münasibətlərində yaranmış gərginliyi aradan qaldırmaq və tərəflər arasında siyasi dialoqun yenidən qurulması olub.