BAKI, 14 iyun. TELEQRAF

“Heydər Bammat arxivində Azərbaycan” layihəsində dördüncü yazı

Qafqazda yaşamış alman ailələrindən birinin oğlu olan Emil Hurr ilə Azərbaycan Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanın qızı Məryəm xanımın evliliyi maraqlı tarixi hadisədir. XIX əsrin əvvəllərində çar Rusiyasının köçürmə siyasətinin nəticəsində bölgəmizə yerləşən almanlar qısa zamanda burada özünəməxsus həyat tərzi qurub, eyni zamanda müxtəlif ticari fəaliyyətlə məşğul olublar.

Azərbaycanda alman icmasının formalaşmasının ilkin mərhələsi Helenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir) koloniyalarının salınması ilə bağlıdır. Helenendorfda yaşayan alman ailələrindən birinin başçısı da Yakob Hurr idi. “Die Brücke” Azərbaycan-Almaniya mədəniyyət mərkəzinin direktoru Ruslan Quliyevin araşdırmasına görə, Yakob Hurr Helenendorfda limonad zavodunun sahibi idi. 1905–1907-ci illərdə erməni Daşnaksutyunfirqəsinin üzvləri Yakob Hurrdan 30 min rubl istəyiblər. Bu tələbi rədd etdiyi üçün ermənilər onu qətlə yetiriblər. Yakobun övladlarının da taleyi faciəvi olub. Oğlanları Vilhelm və Henrix 1937-ci ilin qurbanlarına çevriliblər. Bir qızı Hilda 1939-cu ildə xəstəlikdən dünyasını dəyişib, digər qızı Flora isə 1941-ci ildə sürgün edilib, 1968-ci ildə vəfat edib. Digər qızı Klara isə ailə həyatı qurub Almaniyaya yerləşib. Yakobun üçüncü oğlunun adı isə Emil idi. O, 1921-ci ildə təhsil məqsədilə Almaniyaya gedib, orada yaşamışdı.

Əbdüləli bəy Əmircanın mühacirət həyatı

Əbdüləli bəy Əmircan 31 may 1874-cü ildə Şəkidə doğulub. Orta təhsilini Gəncə gimnaziyasında alıb və oranı 1895-ci ildə bitirib. Həmin il Moskva İmperator Universitetinin Hüquq Fakültəsinə daxil olub, 1899-cu ildə ali təhsilini tamamlayıb. 1907-ci ildə Bakı Şəhər Dumasına üzv seçilib. O, eyni zamanda, Bakı Şəhər İdarəsi Məktəblər Komissiyasının və Bakı Kommersiya Məktəbinin Hamilər Şurasının üzvü olub. 1917-ci ildə keçirilən seçkilərdə Bakı Şəhər Dumasına deputat seçilib. Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Əmircan Gəncədə formalaşdırılan ikinci hökumət kabinəsində maliyyə naziri təyin edilib. Oktyabr ayında dövlət nəzarətçisi olan Əmircan Parlamentin təşkilindən sonra bitərəflər qrupuna daxil olub, maliyyə-büdcə və sorğu komissiyalarının üzvü seçilib. Cümhuriyyətin işğalından sonra əvvəlcə Gürcüstana gedən Əmircan daha sonra Türkiyəyə mühacirət edib.

Əbdüləli bəy 1927-ci ildə mühacirətdə qurulan Azərbaycan Milli Mərkəzi katibliyinin üzvü və xəzinədarı olub.

Ə.Əmircan Keşlənin məşhur zadəganlarından Bala bəy Əlibəyovun qızı Səltənət xanımla ailə həyatı qurub. İstanbula yalnız gələn Əbdüləli bəyə sonradan övladları Məryəm, Valiyə, Rüstəmvə Fuad qoşulub. Ən kiçik övladı Muradın gəlməsinə əngəllər yaradılıb. 1938-ci ildə Əbdüləli bəyin həyat yoldaşı Səltənət xanım Sovet Azərbaycanından çıxa bilsə də, bolşeviklər oğlu Murada icazə verməyib, onu Sibirə sürgün ediblər.

Əbdüləli bəy 16 oktyabr 1948-ci ildə İstanbulda həyata gözlərini yumub. Onun ölümündən sonra Azərbaycana qayıdan Səltənət xanım 1974-cü ildə Bakıda vəfat edib. Əbdüləli bəyin qızları Məryəm və Valiyə Sovet Azərbaycanı dönəmində Bakıya və ata yurdları olan Şəkiyə gəliblər.

Əbdüləli bəyin oğlu Fuad bəy Türkiyədə tanınmış jurnalist olub, eləcə də Azərbaycanın istiqlal mübarizəsinin simalarından birinə çevrilib.

Azərbaycanlı bir xanım

Emil Hurrla ailə həyatı quracaq olan qızı Məryəm xanım İstanbulda ali təhsil alıb. Türkiyənin “Vakit” qəzetinin 2 sentyabr 1928-ci il tarixli sayında “Azərbaycanlı bir xanım” başlıqlı xəbərdə yazılıb: “Azərbaycan Milli Hökuməti maliyyə naziri-sabiqi Əbdüləli bəyin kəriməsi Məryəm xanım bu sənə İstanbul Darülfünunu Ədəbiyyat Fakültəsi Tarix şöbəsini müvəffəqiyyətlə ikmal etmişdir. Məryəm xanım lisə təhsilini Azərbaycanda gördükdən sonra darülfünunumuza daxil olmuşdur. Məryəm xanım darülfünunumuzu ikmal edən ilk azərbaycanlı qızdır. Təbrik və müvəffəqiyyət təmənni edirik”.

Ruslan Quliyev Əmircan və Hurr ailəsinin Azərbaycanda ikən tanış olduqlarını yazıb: “Məryəm İstanbulda təhsilini bitirdikdən sonra Bonn şəhərində yaşayan və orada universitetdə dərs deyən qardaşı Fuadın yanına köçür. Orada Emil ilə rastlaşır. Ailələr hələ Azərbaycanda olarkən bir-birilərini tanıyır və yaxşı münasibət saxlayırdılar. Fuad Əmircan Bonnda yaşadığı müddətdə Emil onunla əlaqə saxlayırdı və orada Məryəmi də görmüşdü. Beləliklə, Emil Hurr və Məryəm Əmircan münasibətlərini rəsmiləşdirərək ailə qururlar. Onlar Münxendə, Ferdinan Maria küçəsi ev 24 ünvanında məskunlaşdılar”.

Almaniyada yaşayan Məryəm xanımın adına Krım türklərinin siyasi liderlərindən Müstəcib Ülküsalın xatirələrində də rast gəlinir. 24 yanvar 1942-ci ilə aid qeyddə yazılıb: “...Axşam Hilal Münşi bəyi evində ziyarət etdik. Burada azərbaycanlı, İstanbul Universitetinin tarix fakültəsini bitirmiş Məryəm adında bir xanımla tanış olduq. Kübar və simpatik bir xanım əfəndi idi”.

Emil Hurr Azərbaycana olan sevgisini müharibə illərində əsirlərin xilasında da göstərib. Ruslan Quliyev onun bu dövrdə gördüyü işlərlə bağlı yazır: “İkinci Dünya müharibəsi zamanı Emil Hurr alman ordusunun Qafqaz istiqamətində fəaliyyət göstərən bölməsində hərbi tibb zabiti kimi xidmət etmiş, alman əsirliyində olan azərbaycanlıların azad olunmasına yardım etməyə çalışmışdı”.

Heydər Bammata məktub

Heydər Bammat arxivində Emil Hurrun göndərdiyi məktub da məhz bu dövrə aiddir. Onun bu məktubunda Azərbaycana və onun siyasi xadimlərinə olan ehtiram özünü göstərməkdədir. Rus dilində yazılan məktubun tərcüməsi aşağıdakı şəkildədir:

“Çox hörmətli Heydər bəy,

Davosda olduğu müddətdə bacım oğluna göstərdiyiniz xoş və dostyana münasibətə görə Sizə təşəkkür etmək üçün yalnız indi vaxt tapa bildiyimə görə üzr istəyirəm. Sizə bunun əvəzini necə və nə ilə ödəyə biləcəyimi bilmirəm, lakin ümid edirəm ki, nə vaxtsa belə bir imkan yaranacaqdır.

Təəssüflə sizə bildirməliyəm ki, bacım oğlu ötən ilin yayında Davosdan geri qayıtmalı idi. Mən onu Darmşdatdakı xəstəxanaya yerləşdirdim və o, qısamüddətli ağır xəstəlikdən sonra ötən ilin noyabr ayında vəfat etdi. Beləliklə, həmişə böyük arzusu olduğu vətəninə qayıtmaq ona nəsib olmadı.

Siz və möhtərəm ailəniz necəsiniz? Ümid edirəm ki, hər işiniz yolundadır. Əlixan (Kantemir – D.Ə) və dostları xüsusilə Sizə ehtiramlarını yetirməyi və salam göndərməyi xahiş etdilər. Onlar Parisdə qalan həmvətənlərimizə görə çox narahatdırlar və düşünürlər ki, bəlkə, Siz onlardan və talelərindən bir xəbər biləsiniz.

Şəxsən məni və həyat yoldaşımı Fuad, həmçinin onun qonaq qaldığı Əliəşrəf Kürdəmirin ailəsi maraqlandırır. Onlar Teodor Russo bulvarı, ev 5 "bis" ünvanında yaşayırdılar. Eyni zamanda özü hazırda burada olan Abbas bəy Atamalıbəyovun ailəsinin vəziyyəti də bizə maraqlıdır.

Görüşməyə və fikir mübadiləsi aparmağa vaxtın imkan verməməsi çox təəssüf doğurur, halbuki danışılacaq çox mövzu var idi. Yaxın gələcəkdə bura gəlmək fikriniz varmı? Burada legioner həmvətənlərimizin qüvvəsi ilə olduqca maraqlı Qafqaz gecələri təşkil edilmişdi. Onların arasında möhtəşəm musiqiçilər, rəqqaslar və bədii qiraətçilər var. Gecələr böyük uğurla keçdi və bir neçə dəfə təkrarlandı.

Qaçqınların hamısı yerləşdirilib, rəsmi işləri qaydasına salınıb və biz onlara kömək edə bildiyimiz üçün şadıq. Gənclər təqaüd alaraq təhsilə başlayıblar. Xəlil bəy Münxen yaxınlığındakı bir kənddə məskunlaşıb, vaxtaşırı Berlinə baş çəkir.

Türkiyəyə məktub yazmaq imkanınız varmı? Əgər varsa, qaynatama bizim, yəni Məryəm, Fuad və mənim sağ-salamat olduğumuzu bildirsəniz, Sizə çox minnətdar olardım. Əbdüləli bəy Əmircanın ünvanı belədir: İstanbul, Cihangir, Cihangir caddesi, Abey apartmanı.

Birlikdə olmalı fəaliyyət göstərməli olduğumuz bu dövrdə hamımızın belə pərakəndə düşməsi olduqca acınacaqlıdır. İcazə və viza ala bilsəm, Davosda bacım oğlunun vəfatı ilə bağlı bəzi məsələləri həll etmək üçün özüm də İsveçrəyə gəlmək niyyətindəyəm. Əgər Sizin üçün də uyğundursa və maraq kəsb edirsə, xüsusilə Sizinlə, Heydər bəy, məmnuniyyətlə görüşmək istərdim.

Sizə bir daha təşəkkür etməyə icazə verin və ən xoş arzularımı çatdırıram.

Səmimi salamlarla,

Sizə hörmət bəsləyən,

Hurr (İmza)

15.07.1944”

Göründüyü kimi Emil Hurr Əlimərdan bəy Topçubaşovun kürəkəni Əliəşrəf Kürdəmir, Cümhuriyyət xadimləri Abbas bəy Atamalıbəyov və Xəlil bəy Xasməhəmməd barədə maraqlanıb, məlumat verib, əsirlərin xilasına çalışıb, birlikdə mübarizə aparmalarının vacibliyini dilə gətirib.

Ailənin sonrakı taleyinə gəldikdə isə Ruslan Quliyev bu barədə yazır: “Emil Hurr 1960-cı illərdə Almaniyada dünyasını dəyişdi. 1980-ci illərdən etibarən Məryəm xanım bir neçə dəfə Azərbaycana səfər etmişdir. Məryəm xanımın övladı olmayıb və Emilin vəfatından sonra bir daha ailə qurmayıb. Qohumları evlənməsini təklif etdikdə isə, “Emil kimisi yoxdur. Biz bir-birimizə çox bağlı idik” – deyə cavab verərdi. Məryəm xanım 1980-ci illərin sonunda vəfat edir və Münxendə dəfn olunur”.

Təəssüf ki, Emil Hurrun həyat hekayəsi haqqında geniş məlumat əldə edə bilmədik. Amma Heydər Bammat arxivindəki bu məktub onun İkinci Dünya müharibəsindəki fəaliyyətinə və azərbaycanlılara olan münasibətinə müsbət bir nümunədir.

P.S. Mətndəki fotoşəkillər Ruslan Quliyevə aiddir.

Üçüncü yazıya keçid:

Dilqəm ƏHMƏD