BAKI, 4 iyun. TELEQRAF

“Heydər Bammat arxivində Azərbaycan” layihəsində üçüncü yazı

II. Dünya müharibəsinin sonunda Misir kralı I Faruq qaçqın düşərgələrində yaşayan İslam dininə mənsub insanların xilası üçün önəmli işlər görüb. Bu dövrdə düşərgələrə heyət göndərən kral onların vəziyyətini araşdırıb, aralarında xeyli azərbaycanlının da olduğu bir qrup qaçqını gəmi ilə İskəndəriyyə şəhərinə, daha sonra Qahirəyə gətirdib.

Eyni zamanda düşərgələrə qida yardımı da göndərən kralın bu politikası mühacirətdəki türk və müsəlman mühacir liderlərdə böyük rəğbət oyadıb. Xüsusilə də, azərbaycanlı mühacir siyasi xadimlər Misiri xilaskar obrazında görüb, bu dövlətin rəhbərliyi ilə münasibət qurmağa çalışıb.

Heydər Bammat arxivində Cümhuriyyət xadimlərindən, müharibə əsirlərinin, qaçqınların xilasına çalışan Abbas bəy Atamalıbəyovun bir müraciətinin surəti yer alıb. Həmin memorandum hələ müharibənin bitmədiyi dövrdə - 20 yanvar 1945-ci ildə Misirin Bernə gələn bir nazirinə ünvanlanıb. Fransız dilində olan məktubun tərcüməsi bu şəkildədir:

“Əsir azərbaycanlıların sayı 35-40 min nəfərə çatır”

“Qafqazın ruslar tərəfindən işğalından bəri Azərbaycan xalqı digər Qafqaz xalqları kimi müstəqilliyini yenidən qazanmaq məqsədilə işğalçıya qarşı mübarizəni dayandırmayıb. 1914–1918-ci illər Dünya müharibəsi zamanı Rusiyanın məğlubiyyəti nəticəsində azərbaycanlılar üzərlərindəki boyunduruğu atdılar və öz müstəqilliklərini elan etdilər. Bu müstəqillik 1919 və 1920-ci illərdə İngiltərə, Fransa, Almaniya, İtaliya, Polşa və digər dövlətlər tərəfindən tanındı. Lakin artıq 1920-ci ildə Azərbaycan yenidən qırmızı ordu tərəfindən işğal edildi və müstəqil mövcudluğunu itirdi. Həmin dövrdən bəri Azərbaycan xalqı öz azadlığını əldə etmək üçün səylərini davam etdirib və ölkədəki bir çox üsyanlar Moskva tərəfindən qəddarcasına yatırılıb.

Məhz buna görə də 1941-ci ildə Almaniya Sovetlərlə silahlı münaqişəyə girdikdə qırmızı orduya səfərbər edilmiş azərbaycanlılar kütləvi şəkildə bu ordunun sıralarını tərk edərək almanlara təslim oldular. Bu əsirlərin bir hissəsi könüllü olaraq qoşuldu və alman komandanlığı tərəfindən döyüş və ya hərbi fəhlə dəstələri şəklində təşkilatlandırıldı. Bu könüllülərin yeganə məqsədi öz vətənlərinin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq idi.

Alman qoşunlarının yerdəyişmələri nəticəsində alman diviziyalarının tərkibinə daxil edilmiş bəzi Azərbaycan bölmələri Qərbi Avropada – Fransa və İtaliyada tapıldılar və hərbi əməliyyatlar zamanı ingilis-amerikan və ya fransız qüvvələri tərəfindən əsir götürüldülər. Tamamilə eyni vəziyyətdə digər Qafqaz xalqlarının – Şimali Qafqaz müsəlmanlarının, ermənilərin və gürcülərin də bəzi hərbi bölmələri var ki, onlar da öz milli müstəqillik idealları uğrunda mübarizə aparırlar və irq, din fərqliliklərinə baxmayaraq, ortaq vətənləri olan Qafqazın azad edilməsi naminə sıx birləşiblər.

Lakin hazırda Sovetlər Müttəfiqlərə bu əsirlərin onlara təhvil verilməsi tələbini irəli sürüblər.

İstər hüquqi, istərsə də humanitar mülahizələr bu əsirlərin Sovetlərin əlinə verilməsinin yalnız əleyhinə ola bilər. Həqiqətən də, bu insanlar siyasi döyüşçülər hesab edilməlidirlər, çünki onlar silaha sarılarkən vətənlərinin müstəqilliyini yenidən qazanmaqdan başqa bir niyyət güdmürdülər. Bu müstəqillik isə vaxtilə Sovetlər tərəfindən tapdalanmış və bu gün bu əsirlərin əlində olduğu böyük dövlətlərin özləri tərəfindən tanınmışdı.

Digər tərəfdən, tamamilə aydındır ki, onlar ən ağır rəftarla təhdid olunurlar və birbaşa olaraq öz həyatları təhlükədədir.

Beləliklə, bu əsirlərin Sovetlərin əlinə təhvil verilməsi həm ilahi, həm də bəşəri qanunlar baxımından ədalətsiz və əsaslandırıla bilməyən bir addım olardı.

Hazırda Almaniyada mülki qaçqın, fəhlə və əsir statusunda olan azərbaycanlıların sayı olduqca çoxdur; bu rəqəm 35-40 min nəfərə çatır. Şimali Qafqazdan olan müsəlman qaçqınların, fəhlələrin və əsirlərin sayını da təxminən bu miqyasda qiymətləndirmək lazımdır. Onların vəziyyəti əksər hallarda çox acınacaqlıdır; geyim, xüsusilə isti geyimlər, ayaqqabı, çoxsaylı xəstələr üçün dərman və qida çatışmazlığı var və s. Eyni vəziyyətdə olan digər ölkələrin vətəndaşlarına – məsələn, yunanlara, polyaklara, serblərə və s. – katolik, protestant və digər dini qruplar, eləcə də Avropa və ya Amerikada yaşayan həmvətənlərinin koloniyaları tərəfindən kömək və yardım göstərilir; belə ki, ermənilər Amerikanın erməni koloniyası tərəfindən yardım almaq imkanına malikdirlər.

Belə böyük sayda və çarəsiz vəziyyətdə olan Azərbaycan müsəlmanları da öz növbəsində ümid edirlər ki, müharibənin fəlakətlərindən nisbətən uzaqda olan dindaşları onlara kömək əlini uzadacaq və bununla da müsəlman həmrəyliyinin boş bir söz olmadığını sübut edəcəklər. Geyim, dərman, pul və s. kimi yardımlar Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırıla bilər, hansı ki bu humanitar fəaliyyətin öz məqsədinə çatması üçün lazım olanı etməyə razıdır.

Yuxarıda şərh olunan məsələləri Misir Kral Hökumətinin xeyirxah diqqətinə çatdırarkən Azərbaycan Milli Komitəsi ümidvar olduğunu bildirir ki, onun bu çağırışı Misirdəki müsəlman qardaşları tərəfindən eşidiləcəkdir. Misir Hökumətinin bütün ölkələrdə müsəlmanların mənafelərinin müdafiəsi üçün davamlı olaraq göstərdiyi fəaliyyət, eləcə də milli və islami məsələlərdəki sarsılmaz mövqeyinə görə digər böyük dövlətlər arasında sahib olduğu yüksək mənəvi nüfuz Kral Hökumətinin mənəvi və maddi dəstəyinin hazırda çarəsiz vəziyyətdə olan təxminən 80.000 Qafqaz müsəlmanına böyük kömək və təsəlli verəcəyinə ümid etməyə əsas verir”.

Qaçqınların Misirə hərəkəti

Görünür, bu kimi müraciətlər nəticəsində kral Faruq qaçqınların xilası üçün fəaliyyətə keçib. Onun əmri ilə yaradılmış Avropadakı Müsəlman Qaçqınlara Yardım Ali Komitəsinin sədri vəzifəsinə şahzadə Əmir İbrahim təyin edilib. Şahzadə şəxsən Avropaya gələrək vəziyyəti yerindəcə araşdırıb, qaçqınlara qida ilə yanaşı digər humanitar yardımların çatdırılması üçün səy göstərib. “Əl-Əhram” qəzetinin 27 iyul 1947-ci il tarixli nömrəsində Əmir İbrahimin dünya müsəlmanlarına xitabən qələmə aldığı müraciət dərc olunub. Şahzadə 400 milyonluq müsəlman dünyasının düşərgələrdəki 7 min müsəlmana dəstək olmaqla mükəlləf olduğunu vurğulayıb, komitənin qaçqınlara qida yardımı göndərmək qərarına gəldiyini bəyan edib.

1947-ci ildə Türkiyənin “Tasvir” qəzetinin baş redaktoru Ziyad Əbüzziyanın təşəbbüsü ilə İsveçrədə olan şahzadə Əmir İbrahimə qaçqınların vəziyyəti barədə məlumat verilib, Sovet təhlükəsi ilə üz-üzə qalan bir qrupun Misirə göndərilməsi məsələsi gündəmə gətirilib. Şahzadə Əmir İbrahimin kral Faruq ilə görüşü nəticəsində bəzi qaçqınların qəbul edilə biləcəyi bildirilib və 1947-ci ilin martında Misirə göndəriləcək şəxslərin siyahıları hazırlanaraq Misirin Romadakı səfirliyinə təqdim edilib. Həmin ilin oktyabr ayında 150 nəfərlik bir qrup Neapol limanına gətirilib. Bu qrupun təxminən 100 nəfərini türklər, qalan hissəsini isə çərkəzlər, albanlar, boşnaklar və əlcəzairli ərəblər təşkil edib. Qaçqınlar “Lapaçe” (Sülh) adlı gəmi ilə Neapoldan İskəndəriyyəyə doğru yola düşüb və türk qrupunun rəhbəri vəzifəsi azərbaycanlı Cabbar Ərtürkə həvalə edilib. Neapoldan ayrılan gəmidə qaçqınlarla bərabər şahzadə Əmir İbrahim özü də Misirə yola düşüb.

Üç gün davam edən dəniz səyahətindən sonra qaçqınlar İskəndəriyyə limanına çatıb, ardınca Qahirəyə göndəriliblər. Paytaxta ertəsi gün çatan qrup Abbasiyə adlı kazarmaya yerləşdirilib. İlk vaxtlar gündə üç dəfə yeməklə təmin olunan qaçqınlara sonrakı aylarda isə aylıq 5 Misir lirəsi məbləğində maaş kəsilib. İskəndəriyyəyə çatan qrup böyük maraqla qarşılanıb, əvvəlcədən hazırlanmış xüsusi düşərgəyə yerləşdirilib. Qısamüddətli karantin rejimindən sonra qaçqınların Qahirəyə köçürülərək sərbəst şəkildə məskunlaşmalarına şərait yaradılacağı bildirilib.

Lakin qaçqınlar Misirdə uzun müddət yaşaya bilməyiblər. Xatirə və məktublardan əsas səbəbin iqlim şəraitinə uyğunlaşa bilmədikləri göstərilib.

“Tasvir” qəzetinin 21 avqust 1949-cu il tarixli nömrəsində Misirdə məskunlaşan təxminən əlli türk qaçqının Türkiyə Cümhuriyyətinin Baş naziri Şəmsəddin Günaltaya xitabən qələmə aldıqları məktubda isə başqa səbəb də göstərilib. 25 iyul 1949-cu il tarixində yazıldığı bildirilən bu məktubda sözügedən qaçqınlar Misir hökumətinin onlara vətəndaşlıq hüququ tanımadığını və iş imkanı yaratmadığını ifadə ediblər.

Nəticədə Misirə gələn qaçqın qrupu Türkiyəyə getmələri üçün mətbuat vasitəsilə müraciət ediblər. Onların bu müraciətləri müsbət qarşılanıb, Prezident İsmət İnönü və Nazirlər Kabinetinin 27 dekabr 1948-ci il tarixli qərarı ilə İtaliyadakı düşərgələrdən Misir, Suriya və İordaniyaya keçmiş olan türk-müsəlman qaçqınların Türkiyəyə qəbul edilməsinə qərar verilib. 3 noyabr 1949-cu il tarixində “İstanbul” gəmisi ilə 41 qaçqın Türkiyəyə yola salınıb.

Baxmayaraq ki, türk-müsəlman qaçqınlar Misirdə uzun müddət yaşamadılar, amma bütün hallarda müharibədən sonra Misirin qaçqınlara olan münasibəti olduqca təqdirəlayiq idi. Cümhuriyyət xadimi Abbas bəy Atamaləbəyovun əsirləri xilas etmək üçün göstərdiyi cəhdlər də onun vətəninə və vətəndaşlarına olan sonsuz sevgisinin nəticəsi idi.

İkinci yazıya keçid: Cümhuriyyət nazirinin müraciəti – “Vücudumdakı üç erməni qurşunu...”