BAKI, 14 sentyabr. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların bütün aspektlərindən məlumatlıdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadan ABŞ-yə uçarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
“Retkliff əla iş görür. O, hər şeyə cəlb olunub”, - Tramp CIA rəhbərinin Ukrayna üzrə danışıqlarda daha böyük rol oynayıb-oynamayacağı barədə suala cavabında deyib.
ABŞ lideri xüsusi elçi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin də danışıqlar prosesində vəzifələrinin öhdəsindən uğurla gəldiklərini bildirib.
Bundan əvvəl CIA-nın mətbuat xidmətinin rəhbəri Liz Layons “Financial Times”ın Retkliffin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda daha fəal rol almağa hazırlaşdığı barədə məlumatını təkzib etmişdi.
Qeyd edək ki, Retkliff avqustun 25-də Moskvaya səfər edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin iki ölkənin xüsusi xidmət orqanları arasındakı təmaslarla bağlı olduğunu açıqlayıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də Moskvada Retklifflə görüşdüyünü təsdiqləyib.