BAKI, 17 iyul. TELEQRAF
Teleqraf Azərbaycan Cümhuriyyəti zabitlərindən Yavər Şəkilinin xatirələrinin 5-ci qismini təqdim edir.
***
“Arpaçay döyüşündə Azərbaycan Süvari Alayı da iştirak edirdi”
Qarsın alınması nəticəsində əldə edilən ən mühüm qənimət burada mövcud olan külli miqdarda sursat və rus ordusundan qalmış qala topları idi. Hücumun ildırım sürətilə və qəfil həyata keçirilməsi ermənilərə sursat anbarlarını partlatmaq imkanı verməmişdi. Çünki erməni qüvvələrinin mühüm hissəsi qalanın daxilində yerləşirdi və belə bir partlayışdan ilk növbədə özləri zərər çəkəcəkdilər.
Qarsın alınmasının siyasi əhəmiyyəti də olduqca böyük idi. Bu qələbə milli şüur və vətənpərvərlik hissi ilə silahlanmış türk ordusunun yenidən qurulmuş Türk dövlətini müdafiə etməyə qadir olduğunu sübut edirdi. Bununla da Türkiyənin düşmənləri ilə yanaşı, müttəfiqləri də öz mövqelərini yenidən nəzərdən keçirmək məcburiyyətində qaldı. Sovetlərin həm 1921-ci ildə keçirilən Qars Konfransında, həm də Moskva danışıqlarında milli Türkiyəyə göstərdiyi ehtiram da bu qələbənin nəticələrindən biri hesab oluna bilərdi.
Sovetlərlə aparılan danışıqlar isə Qarsdan Ankara cəbhəsinə Batum vasitəsilə (Gürcüstan qırmızı ordu tərəfindən işğal edildikdən sonra) silah və digər hərbi sursatın göndərilməsi imkanını yaratdı.
Qafqaz cəbhəsində qazanılan qələbənin qərb cəbhəsində yunanlara qarşı savaşan ordunun döyüş ruhuna göstərdiyi müsbət təsir də nəzərdən qaçırılmamalıdır.
Bütün bunlardan əlavə şərqdə erməni qüvvələrinin məhv edilməsi və Qarsın alınması ilə başa çatan müharibə Qafqaz cəbhəsindəki qüvvələrin bir hissəsinin qərb cəbhəsinə köməyə göndərilməsinə də imkan yaratmışdı.
Qarsdan və digər bölgələrdən geri çəkildikdən sonra erməni qüvvələri Gümrü önündə türk ordusunun irəliləyişini bir daha dayandırmağa cəhd göstərdilər. Lakin (səlahiyyətli şəxslərin ifadələrinə görə müharibə başlanarkən ermənilər 40 min nəfərlik orduya malik idilər) Arpaçayın sağ sahilində baş verən döyüşdən sonra təslim olmaqdan başqa çıxış yolunun qalmadığı qənaətinə gəldilər. Tərəflər arasında 15 günlük atəşkəs imzalandı. Bu son döyüşdə (Arpaçay döyüşündə) 15-ci Süvari Alayı ilə Azərbaycan Süvari Alayı da iştirak edirdi.
Atəşkəsdən sonra erməni ordusu Arpaçayın arxasına çəkildi, hətta Gümrü şəhərini və onun ətrafını döyüşsüz şəkildə təhvil verdi. Erməni qüvvələri geri çəkilərkən nə Gümrü şəhərinin əhalisi, nə də ətrafdakı düzənlik və dağlıq ərazilərdə yaşayan kəndlilər öz yaşayış yerlərini tərk etdilər.
Türk ordusunun əsas qüvvələri (9-cu və 12-ci piyada firqələri, eləcə də iki nizami süvari alayı; 11-ci piyada firqəsi isə İrəvan istiqamətində irəliləyirdi) Arpaçayı keçərək Gümrü şəhərini və onu əhatə edən düzənliyi işğal etdilər. Bu düzənlik dağ silsilələri ilə əhatə olunmuşdu. Həmin dağlarda geri çəkilmiş erməni hərbi hissələri yerli əhali və Qars tərəfdən qaçaraq gəlmiş ermənilər yaşamaqda davam edirdilər.
Türk komandanlığı ermənilər tərəfindən iki həftə müddətinə imzalanmış atəşkəsin mütləq sülhlə nəticələnəcəyinə tam əmin idi. Türk ordusunun Gümrü düzənliyində bu qədər ehtiyatsız şəkildə cəmləşdirilməsi və faktiki olaraq qapalı vəziyyətə salınmasını yalnız komandanlığın bu qənaəti ilə izah etmək mümkündür. Belə ki, 11-ci piyada firqəsi istisna olmaqla bütün Şərq ordusu burada cəmləşdirilmişdi. Halbuki həm yerli əhali, həm də şəhər sakinləri öz yerlərində qalmaqda idilər. Şübhəsiz ki, həmin əhalinin gizlətdiyi silahlar da mövcud idi. Üstəlik Gümrü şəhəri türk ordusunun arxasında qalır və ordunun geri çəkilmə yollarına nəzarət edirdi. Çünki Arpaçay üzərindəki dəmir yolu və şose körpüləri şəhərin nəzarəti altında idi. Arpaçayın digər məntəqələrindən keçmək isə olduqca çətin idi.
Görəsən, türk komandanlığı ordusunun faktiki olaraq mühasirəyə düşdüyünü anlayırdımı? Əldə edilən məlumatlara görə, düzənliyə hakim yüksəkliklərdə bütün qüvvələrini cəmləşdirmiş erməni komandanlığı mövcud vəziyyəti mükəmməl şəkildə qiymətləndirirdi. Erməni komandanlığı onu da yaxşı başa düşürdü ki, türk ordusu geri çəkilməyə cəhd edərsə, tamamilə məhv edilə bilər.
Bütün bu mülahizələr erməni ordusunun komandanlığını hərəkətə keçməyə sövq etməyə başlamışdı. Bu zaman dağlara yağan və hündürlüyü bir yarım metrə çatan qar erməni qüvvələri üçün etibarlı müdafiə vasitəsi rolunu oynayırdı. Çünki belə bir qar şəraitində erməniləri cəzalandırmaq məqsədilə türk ordusunun dağlara qalxaraq döyüş aparması qətiyyən mümkün deyildi. Belə bir təşəbbüs göstərən qüvvə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Ermənilər isə daha əlverişli mövqedə idilər. Döyüş aparmaq üçün onların yalnız dağlardan enməsi kifayət edirdi və dağ zirvələrində külək qarı daim sovurduğuna görə onlar asanlıqla manevr etmək imkanına malik idilər.

“İkinci Sarıqamışın baş verməsi artıq qaçılmaz görünürdü”
Ermənilər bu vəziyyətdən istifadə etməkdə gecikmədilər; atəşkəsi pozaraq rahat şəkildə istirahət edən türk ordusuna hücuma keçdilər. Üç tərəfdən mühasirəyə alınmış və əvvəlcədən hazırlanmış müdafiə mövqelərinə malik olmayan türk ordusu fəal müdafiə (əks-hücum) imkanından məhrum vəziyyətdə yalnız aşağıdan yuxarıya doğru atəş açmaqla kifayətlənirdi. Döyüş bütün cəbhə boyu şiddətlənmişdi. Düşmən atəşindən böyük itkilər verən türk ordusu düşməni belə görə bilmirdi. Passiv müdafiənin ordunu məhvə aparacağını görən komandanlıq qəti hücum əmri verdi, lakin bu hücum heç bir nəticə vermədi. Hücuma keçən bütün piyada alayları düşmənin güclü atəşi altında məhv olurdu. Çünki belə dərin qarda, üstəlik düşmənin fasiləsiz atəşi altında dağlara qalxmaq son dərəcə çətin idi. Piyada alaylarının itkiləri artdıqca vəziyyət yaxşılaşmır, əksinə, saatbasaat daha da ağırlaşırdı. Türk ordusu üç tərəfdən mühasirədə qalmaqda davam etdiyi halda düşmən tam sərbəst hərəkət edirdi. Ermənilər hücumlarını davam etdirirdilər.
Seçilmiş bir erməni dəstəsi Cacur tuneli istiqamətindən dağ silsilələri boyunca Arpaçay keçidinə doğru enməyə başladı. Həmin dağ silsiləsi Keyti məntəqəsində Gümrü–Axalkələk şosesini kəsirdi. Bu silsilə boyunca irəliləyən erməni qüvvələri Arpaçay keçidini ələ keçirəcək, mühasirədə qalmış türk ordusunun arxasına keçərək onun geri çəkilmə yolunu asanlıqla bağlayacaqdılar. Gümrünün erməni əhalisi ilə birlikdə həmin qüvvə “çuvalın ağzını bağlayacaq” və bununla da əməliyyat başa çatacaqdı.
Bu yürüşün tarixində burada baş vermiş döyüş Cacur döyüşü adı ilə məşhurdur. Çünki döyüş əsasən Gümrünün təxminən şimal-qərbində yerləşən Cacur dəmir yolu tuneli və Cacur stansiyası ətrafında cərəyan etmişdi. Cacur döyüşünü bu hərbi yürüşün ən mühüm döyüşlərindən biri hesab etmək lazımdır.
Erməni komandanlığı bütün hərəkətləri ilə Gümrü ətrafına daxil olmuş Kazım Qarabəkir Paşanın ordusu üçün burada ikinci Sarıqamışı hazırlamağa və türk ordusunu tamamilə məhv etməyə qərar verdiyini açıq şəkildə nümayiş etdirirdi.
Dağlardan enməkdə olan erməni mühasirə qüvvələrinin türk ordusunun sol cinahını tutan 9-cu firqənin 29-cu Piyada Alayını cinahdan və arxadan pulemyot və tüfəng atəşinə tutması nəticəsində döyüş son dərəcə kritik mərhələyə çatmışdı. Onsuz da ağır itkilər verməkdə olan bu alay düşmən tərəfindən mühasirəyə alındığını və cinahdan atəşə tutulduğunu gördükdə Gümrü istiqamətində geri çəkilməkdən başqa çıxış yolu tapa bilmədi.
Bu döyüşdə vəziyyət o dərəcədə ağırlaşmışdı ki, hətta cəsarəti və sarsılmazlığı ilə tanınan Xalid bəy belə son dərəcə həyəcanlı vəziyyətə düşmüş, bütün qərargahlara telefon vasitəsilə təcili yardım göndərilməsi barədə müraciət edirdi. Halbuki köməyə hamının ehtiyacı var idi və yardım alınacaq heç bir yer də yox idi. Çünki bütün qüvvələr burada cəmləşdirilmiş, vəziyyət isə hər yerdə eyni idi. Belə bir şəraitdə döyüşü davam etdirmək qəhrəmancasına məhv olmaqdan başqa bir məna daşımırdı.
Lakin bu “çuval”dan çıxmaq, yəni mühasirədən qurtulmaq da asan deyildi. Ən azı 10–20 min silahlı kişi çıxarmaq imkanına malik olan Gümrü şəhəri türk ordusuna qarşı bəslədiyi sonsuz nifrət səbəbindən ordunun geri çəkilmə yolunu asanlıqla bağlaya bilərdi. Ermənilərin mühasirə dəstələri də, şübhəsiz, Gümrü ermənilərinə kömək edəcək və sayı çox məhdud olan keçidləri nəzarət altına alacaqdılar.
Nə olursa-olsun, yaranmış böhranlı vəziyyət hətta Xalid bəyi də geri çəkilmək əmri verməyə məcbur etdi. Bu geri çəkilmə Cacur cəbhəsinin sağ cinahını tutan 12-ci firqənin də geri çəkilməsinə səbəb oldu. Bu son hərəkət artıq tam mənası ilə ümumi geri çəkilmə, yəni böyük bir fəlakətin başlanğıcı demək idi. İkinci Sarıqamışın baş verməsi artıq qaçılmaz görünürdü. Çünki türk ordusu burada nə hücuma keçə bilir, nə də təhlükəsiz şəkildə geri çəkilə bilirdi.
Bununla belə, geri çəkilmə başladı. Ermənilər qar örtüyü üzərində aydın görünən türk taborlarını yuxarıdan aşağıya yağan güllə yağışı altında qırıb məhv edirdilər. Ordunu mənasız şəkildə məhv olmaqdan xilas etmək lazım idi. Xalid bəyin geri çəkilmə əmri də məhz bunun nəticəsi idi. Xalid bəyin geri çəkilməsi isə əslində bütün ordunun geri çəkilməsi demək idi. Döyüş meydanında məğlub olmayan türk ordusu mövcud vəziyyət və əlverişsiz şəraitin təsiri altında məğlub vəziyyətdə geri çəkilməyə məcbur qalırdı.
Bu mühasirədən çıxmaq üçün cəhdlər göstərildiyi bir vaxtda, düşmənin mühasirə halqasını necə tamamlamaq niyyətində olduğunu da gözləmək lazım gəlirdi.
“İkinci Sarıqamış”ın son pərdəsi başlanmışdı. Düşmənin mühasirə dəstəsinin önündə irəliləyən süvari alayı Arpaçaya enmiş və göndərdiyi kəşfiyyat dəstəsi vasitəsilə Keyti dağ keçidini ələ keçirməyə çalışırdı. Buradan Gümrüyə qədər uzanan şose yolu düşmənin mühasirə dəstəsi üçün tamamilə açıq idi. Düşmən qüvvələri bu yolla asanlıqla Gümrüyə və ya Arpaçayın keçid məntəqələrinə çata bilərdi. Bu isə “İkinci Sarıqamış”ın başlanması demək idi.
Düşmənin qələbə qazanacağına və türk ordusunun məhv ediləcəyinə artıq heç bir şübhə qalmamışkən, nə ermənilərin, nə də türklərin gözləmədiyi bir hadisə baş verdi. Gümrünün şimalında yerləşən Keyti dağ keçidi ətrafında aşağıdakı hadisələr cərəyan etdi.
Kiçik Keyti ilə Böyük Keyti arasındakı şose sahəsində cəbhənin sol cinahını müdafiə edən Azərbaycan Süvari Alayı döyüş ərəfəsində Axalkələk istiqamətində hərəkət etmək əmri aldı. Həmin gün alay qarla örtülmüş yolu açmaq məqsədilə baş leytenant O. G.-nin komandanlığı altında bir tabor göndərdi. Lakin bu tabor heç bir nəticə əldə etmədən Kiçik Keyti kəndinə geri döndü.
“Əgər həmin yüksəklik ermənilərin əlinə keçsəydi…”
Ermənilərin atəşkəsi pozmasının ikinci günü bütün alay hərəkətə başladı və Keyti məntəqəsində dağ aşırımını keçərək dağın erməni kəndlərinin yerləşdiyi yamacına enməyə başladı. Dəstənin önündə leytenant K., arxasında isə baş leytenant O. G. irəliləyirdi. Leytenant K. arxada qalan dağ silsiləsindən başqa bir erməni süvari alayının enməkdə olduğunu gördü. Həmin alay dərhal dayanaraq 29-cu Piyada Alayını atəşə tutdu. Eyni zamanda şose yoluna hakim yüksəklikləri ələ keçirmək üçün ayrıca bir dəstə ayırdı.
Baş leytenant O. G. də Qiyas bəyin komandanlığı altında bir dəstə göndərdi. Beləliklə, strateji əhəmiyyət daşıyan yüksəkliyi ilk ələ keçirmək uğrunda yarış başladı. Düşmən qüvvələri küləyin qardan təmizlədiyi dağ silsilələri ilə aşağı enirdilər, bizim qüvvələr isə dar və qarla örtülü cığırla yuxarı qalxırdılar. Həmin gün hər iki tərəf öz ordusunun taleyi üçün mühüm tarixi rol oynayacaqdı.
Bu hakim yüksəkliyi ələ keçirmək həyati əhəmiyyət daşıyırdı. Əgər həmin yüksəklik ermənilərin əlinə keçsəydi, artıq düşmən tərəfindən aşkar edilmiş Azərbaycan Süvari Alayı güclü atəş altında qalacaqdı. Çünki dərin qar şəraitində manevr etmək mümkün deyildi. Üstəlik, alayın ətrafı erməni kəndləri ilə əhatə olunmuşdu. Eyni zamanda Gümrü “çuvalı”nda mühasirəyə düşmüş türk ordusunun geri çəkilməsi də artıq başlamışdı.
Əgər Qiyas bəy bu yüksəkliyi ələ keçirməyə nail olsaydı, vəziyyət tamamilə dəyişəcək və qələbə türk ordusunun tərəfində qalacaqdı. Vəziyyətin əhəmiyyətini dərk edən hər iki tərəf hakim yüksəkliyə doğru can atırdı. Bu yürüşün tarixində adı demək olar ki, unudulmuş günün qəhrəmanı Qiyas bəy fövqəladə fədakarlıq və iradə göstərərək yüksəkliyi ələ keçirməyə nail oldu. Lakin o, bunu düşməndən cəmi bir-iki dəqiqə əvvəl bacardı.
Qarşı tərəfdən yüksəkliyə qalxan düşmən dərhal atəş açdı. Bu qəfil atəşə tab gətirmək mümkün olmadığından yüksəklik müvəqqəti tərk edildi. Bu zaman baş leytenant O. G., ardınca isə bütün alay hadisə yerinə çatdı və ağır və yüngül pulemyotlardan istifadə etməklə düşmənin süvari alayını arxadan atəşə tutdu. Həmin erməni süvari alayı silsilənin o biri tərəfində yerləşən türk ordusunun 9-cu Piyada Firqəsini atəş altında saxlamaqla məşğul idi. Arxadan açılan atəşə tab gətirə bilməyən erməni süvari alayı geri çəkilməyə başladı. Onunla birlikdə düşmənin bütün mühasirə dəstəsi də geri çəkilməyə məcbur oldu.
Azərbaycan Süvari Alayı düşməni gecə yarısına qədər Voronsovka istiqamətində təqib etdi. Eyni zamanda baş leytenant C. Z. bəy geri çəkilmənin dayandırılması təklifi ilə geri çəkilən türk ordusunun komandanlığına göndərildi.
Ermənilərin mühasirə dəstəsinin geri çəkilməsi elə təşviş və panika içində baş verdi ki, bu, bütün cəbhə boyunca yerləşən erməni qüvvələrinin də ümumi geri çəkilməsinə səbəb oldu.
Çox qəribə bir vəziyyət yaranmışdı. Türk ordusu Arpaçay istiqamətində geri çəkilirdi və burada onu tam məhv olmaq təhlükəsi gözləyirdi. Eyni zamanda erməni qüvvələri də öz mövqelərinə doğru qaçırdılar.
Baş leytenant C. Z. bəy 29-cu Piyada Firqəsinin qərargahına gəlib ermənilərin geri çəkildiyi barədə məruzə edənə qədər türk ordusunun komandanlığı vəziyyətdən xəbərsiz idi. Piyada firqəsinin komandanı belə bir böhranlı anda C. Z. bəyin məruzəsini yersiz zarafat hesab edərək ona sərt şəkildə etiraz etmişdi. Lakin C. Z. bəyin israrını gördükdən sonra buna inanmağa başladı və məlumatın doğruluğuna tam əmin olduqdan sonra sonsuz sevinc içində bu xəbəri bütün orduya çatdırdı.
Bundan sonra türk ordusunun geri çəkilməsi dayandırıldı, hətta əks-hücuma keçildi. Lakin artıq qaçmaqda olan düşməni tutmaq mümkün olmadı. Ordunun məhv edilməsində iştirak etmək məqsədilə silahlanmış yerli əhali ilə döyüşməklə kifayətlənildi.
Beləliklə, qəti şəkildə iddia etmək olar ki, Cacur döyüşü Azərbaycan Süvari Alayının, xüsusilə də onun fədakar gənc zabiti, qazaxlı Qiyas bəyin göstərdiyi misilsiz igidlik sayəsində qazanılmışdır. Məhz bu Cacur döyüşü 1920–1921-ci illər Türkiyə–Ermənistan hərbi yürüşünün taleyini həll edən son döyüş olmuş və bundan sonra tərəflər arasında qəti sülh müqaviləsi bağlanmışdır. Bu son nəticənin əldə edilməsində isə Azərbaycan Süvari Alayının rolu həlledici və danılmaz olmuşdur.
Cacur döyüşü 1920-ci ilin dekabr ayında baş vermişdi (gününü xatırlamıram). Qaçan erməni ordusunu təqib etdikdən sonra geri qayıdan Azərbaycan Süvari Alayı dağlardan enərək Gümrü düzənliyinə çatdı. Alay 29-cu Piyada Alayının yerləşdiyi mövqedən keçərkən kənddən çölə qaçan əsgərlər Azərbaycan Süvari Alayının döyüşçülərini qucaqlayıb öpməyə başladılar və səmimi göz yaşları içində dedilər: “Siz Allah tərəfindən göndərilmiş qardaşlarımız və xilaskarlarımızsınız. Şübhəsiz ki, sizi bizim köməyimizə göndərən Allah bunun mükafatını sizə verəcəkdir. Bu dəhşətli anda siz və sizin qəhrəmanlığınız olmasaydı, bizim taleyimiz necə olardı?”
Cacur faciəsinin artıq demək olar ki, qaçılmaz hesab edildiyi bir anda baş verən bu xilas hadisəsi saf və təmiz qəlbli əsgərləri öz minnətdarlıqlarını və səmimi hisslərini böyük həyəcanla ifadə etməyə sövq edirdi.
Təəssüf ki, eyni səmimiyyəti zabitlər arasında görmək mümkün olmadı. Onlar Azərbaycan Süvari Alayının zabitləri ilə qarşılaşdıqları zaman “Cacur məsələsi”nə toxunmamağa çalışır, bu mövzu ətrafında söhbətdən yayınırdılar. Piyada alayının zabitlərinin bu münasibətini isə bizim psixologiyamız heç cür anlaya bilmirdi.
Davamı var