BAKI, 23 fevral. TELEQRAF

Azərbaycanlı ədəbiyyatşünas alim Səlim Rəfiq Rəfioğlunun qardaşı İslam Rəfiq Rəfioğlu haqqında yeganə tədqiqat türk mühacirətşünas Ömər Özcana aiddir.

İslam Rəfiq bəy 1912-ci ildə (məzarlıq sistemində 01.01.1911) gəncəli Məşədi Əli Rəfiyevin ailəsində dünyaya gəlib. Cümhuriyyətin işğalından sonra atasının dostlarının köməyilə 1922-ci ildə öncə Batuma, daha sonra İstanbula aparılıb. Atası onu əvvəlcə bir il fransız məktəbində oxudub, 1923-cü ildə isə Qalatasaray liseyinə 1144 nömrəli pulsuz yatılı tələbə olaraq yerləşdirib. Türkiyənin tanınmış şəxsiyyətlərinin bu liseydə təhsil alması İslam bəyin dünyagörüşünə böyük təsir göstərib. Bu illərdə o, xəstəlik keçirib, məktəb müdiriyyətinin yardımı ilə müalicə olunub. İzçiliyə böyük marağı olduğu üçün liseydə “İzçi paşası” ləqəbi ilə tanınıb.

İslam Rəfiq bəy 1932-1933-cü illərdə liseyin ədəbiyyat qolunu tamamlayıb. O, bu məktəbdə oxuyarkən 1934-cü ilədək sinif yoldaşı, Azərbaycan Cümhuriyyətinin maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanın qızı Vala xanımla evlənən Ziyad Əbüzziyanın ailəsinə məxsus Əbüzziya mətbəəsində çalışıb.

İslam Rəfiq bəyin yerlisi olan professor Əhməd Cəfəroğlunun nəşr etdiyi “Azərbaycan yurd bilgisi” dərgisində məzuniyyəti ilə bağlı xəbər dərc olunub: “İstanbul Qalatasaray liseyində illərdən bəri məccanən təhsil görən azəri tələbələrdən İslam Rəfizadə bu il məktəbini ikmal etmişdir. İslam bəy təhsili müddətincə məktəbinə bağlı qalmış və təhsilində müvəffəqiyyət göstərən fəal və qəyyur tələbələrimizdən biridir. Onu təbrik eylər və gələcək ali təhsillərində daha çox müvəffəq olmalarını təmənni edərik”.

İslam Rəfiq bəy Qalatasaray liseyini bitirdikdən sonra Ankara Universitetinin hüquq fakültəsini qazanıb. Burada o, Türkiyənin gələcək Baş naziri Adnan Mendereslə tələbə yoldaşı olub.

Məmuriyyət həyatı

Ömər Özcan İslam Rəfiq bəyin iş həyatı ilə bağlı mühüm bilgilər əldə edib. Onun yazdığına görə, “İslam bəy 1 fevral 1934-cü ildə 100 lirə maaşla Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının emisyon servisi məmuru vəzifəsinə başlayıb. Bu vəzifədə 1 dekabr 1937 tarixində hərbi xidmətə gedənədək çalışıb. Hərbi qulluğunu ehtiyat zabit olaraq başa vurub, 1 noyabr 1938-ci ildə 110 lirə maaşla Mərkəzi Bankın I Qisim Müaməlat Müdirliyi məmuru kimi köhnə iş yerinə dönüb. 1 fevral 1939-da maaşı 125 lirəyə yüksəldilib və Mərkəzi Bankın Ankara şöbəsi nəzarət servisi məmuru olub. 1 iyun 1939-da 150 lirə maaşla Mərkəzi Bankın nəzarət şefi namizədi təyin olunub. II Dünya savaşının davam etməsi səbəbilə 13 iyul 1940-da ikinci dəfə əsgərə alınıb və 2 sentyabr 1941 tarixində tərxis olunub. 31 yanvar 1941-də 170 lirə maaşla Mərkəzi Bankın nəzarət şefi vəzifəsinə yüksəlib. 15 aprel 1943 tarixində 300 lirə maaşla Baş Nazirlik Ümumi Nəzarət Heyəti Rəisliyində II sinif mütəxəssis müavini olub. 24 aprel 1944-də üçüncü dəfə əsgərə alınıb və 1 oktyabr 1945-də tərxis olunub. Bankdakı son vəzifəsində 25 iyul 1949 tarixinə qədər qalıb və maaşı 550 lirəyə qaldırılıb. 25 iyul 1949-da İqtisadiyyat və Ticarət Nazirliyində Mədən İşləri Baş direktoru təyin olunub. Bu vəzifədə 28 fevral 1951-ci ilə qədər çalışıb, sonra yenidən Baş Nazirlik Ümumi Nəzarət Heyəti uzmanlığına dönüb. 31 iyul 1954 tarixində 875 lirə maaşla Ət və Balıq Qurumu Baş direktor yardımçısı təyin olunub və bu vəzifəsində yüksək bacarıq göstərib. 1955-ci ilin yanvarında Baş direktor Əkrəm Cəlal Barlasın başçılıq etdiyi heyətlə yeni imzalanmış Türkiyə–Almaniya Ticarət Anlaşmasının yaratdığı imkanlardan faydalanıb, balıqçılıq və depo ləvazimatı satın almaq üçün Almaniyaya işgüzar səfərə gedib. 1957-ci ilin martında konserv fabriklərinin ehtiyacı üçün satın alınacaq 500.000 dollar dəyərində lövhə tənəkələri təhvil almaq məqsədilə Qurumun İstanbul şöbəsi direktoru Faiz Poroy ilə birlikdə Amerikada olub. Demokrat Partiya iqtidarı 1957-ci ildə Ankarada ümumi seçkiləri uduzmasının səbəbləri arasında məmurların bu partiyaya maraq göstərməməsini nəzərə alıb və məmurlar arasından İslam Rəfioğlunu da işə götürüb. O isə qurumdakı vəzifəsindən 22 yanvar 1958-də istefa verib. 27 may 1960-cı il hərbi müdaxiləsi ilə Demokrat Partiyanın iqtidardan uzaqlaşdırılmasından sonra o, 1 noyabr 1960-da 1.500 lirə maaşla Türkiyə Cümhuriyyəti Əməkli Sandığı Baş Müdirliyi Müdirlər Qurulu üzvü olaraq yenidən dövlət vəzifəsinə dönüb. Bu vəzifəsindən 28 avqust 1967 tarixində təqaüdə çıxıb, Ankarada Günəş küçəsi № 6/8, Kavaklıdərə ünvanında yaşayıb. 1967-ci ildə təqaüdə çıxdıqdan sonra bir müddət sərbəst şəkildə inşaat podratçılığı, ixracat və idxalat işləri ilə məşğul olub. Boş zamanlarında bric oyunu ilə məşğul olub, qurucuları arasında yer aldığı Ankara Bric Klubuna 1963–1965-ci illərdə başçılıq edib. Klub fəaliyyətini sonrakı illərdə də davam etdirib. Təqaüdçülüyündə iqamətini dəyişdirib, bir müddət Koru Apt. № 15/1, Arifipaşa Korusu, Bebek–İstanbul ünvanında yaşayıb”.

İslam Rəfiq bəyin tennis oyununa da marağı olub. 1952-ci ildə o, Ankaradakı Tennis Tərtib Komitəsinin keçirdiyi müsabiqədə “B” kateqoriyasında dərəcə qazanıb.

Azərbaycana səfər

İslam Rəfioğlu 1972-ci ildə 50 illik ayrılıqdan sonra Azərbaycana gəlib. SSRİ-nin dağılmasından sonra 1991-ci ildə bu dəfə müstəqil Vətəninə qədəm qoyub. Ömrünün axırlarında alzheimer xəstəliyindən əziyyət çəkib. 14 oktyabr 1995-ci ildə Ankarada vəfat edib, Karşıyaka məzarlığında dəfn olunub.

İslam bəy tələbə yoldaşı, Bayındırlıq Nazirliyi I hüquq müşaviri Namiq Camal Nazikioğlunun qızı Samiha Güzin xanımla 18 may 1939-cu ildə ailə həyatı qurub. Nikahlarında Türkiyənin tanınmış dövlət xadimləri iştirak ediblər. Onların evliliyindən Fatma LaləHəsən İlhan adlı övladları dünyaya gəlib.

Atatürk haqqındakı yazısı

Türkiyə mətbuatında apardığımız araşdırma zamanı İslam Rəfiq Rəfioğluna aid bir yazıya rast gəldik. Belə ki, “Milliyet” qəzetində verilən xəbərə görə məktəblilər müsabiqəsinin 57-ci həftəsinin qalibi 1144 nömrəli İslam Rəfiq bəy olub. Qəzetdə onun yazısı da dərc olunub:

“Onun göstərdiyi yol

Əfəndim, 57-ci həftənin ən mühüm xəbəri heç şübhəsiz ki, əziz rəisimizin şəhərimizə təşrifidir. Bir illik həsrəti çərşənbə günü dodaqların səadət təbəssümləri və gözlərdə incilənən sevinc yaşları necə canlı bir şəkildə ifadə edirdi. Onun bir az da gözlənilməyən gəlişi biz istanbulluların qəlbinə necə ani həyəcan zövqləri və necə ülvi həssasiyyət dəqiqələri yaşatdı və yaşatmaqdadır. Könlümüz, gözümüz səadət yaşları ilə süsləndi.

Böyük xilaskar şəxsən özü məsaisi ilə bir Türk tarixi kitabı haqqında tədqiqatda bulunurmuş. Nə mutlu tarixçilərimizə ki, özlərini belə bir dahinin fövqəlbəşər və kaşif cazibəsi tənvir edir.

İstanbulumuzun keçən illərə qədər unudulmuş qalmış bir köşəsini - Yalovanı məmləkət iqtisadiyyatının maddi cəhətləri üzərində necə mühüm təsirlər icra edəcəyini düşünmüş, şəxsən məşğul olaraq oranın baxımlı hala gəlməsinə səbəb olmuş və səyyahların gedə bilmələrini təmin etmişdir.

Fransa hər il səyyahlar səbəbindən büdcəsində doqquz milyard frank kar göstərir. Deyilə bilər ki, İsveçrə bugünkü rifah və səadətə hotelləri sayəsində qovuşmuşdur. Əziz və nəcib ruhlu qazimiz məmləkətinin də onlardan aşağı qalmayacağını söyləmiş və bizə səadət yolunu işarət edərək ilk addımı şəxsən atmışdır. Biz gəncliyə düşən borc onun göstərdiyi yoldan yürüməkdir”.

İslam Rəfiq bəy bu müsabiqənin 66-cı həftəsində beşinci yeri tutub.