BAKI, 14 sentyabr. TELEQRAF
ABŞ İranla mümkün yeni danışıqlarda əsas diqqəti Tehranın nüvə proqramına yönəltmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının rəsmiləri Fars körfəzi ölkələrinin nümayəndələri ilə qapalı danışıqlarda bildiriblər ki, Vaşinqton gələcək müzakirələrdə əsas diqqətin Hörmüz boğazında gəmiçiliyin bərpasından çox İranın nüvə proqramına yönəldilməsini istəyir.
İran nümayəndələri isə regional tərəfdaşlara bildiriblər ki, Tehran nüvə proqramı ilə bağlı müzakirələrə yalnız Hörmüz boğazı məsələsi həll edildikdən, o cümlədən ABŞ-nin İranın dəniz limanlarına tətbiq etdiyi blokada aradan qaldırıldıqdan sonra açıq olacaq.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.
Hörmüz boğazından dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən 20 faizi keçir.