BAKI, 14 sentyabr. TELEQRAF
Koreya Xalq Demokratik Respublikiyasının (KXDR) ordusu strateji qanadlı və taktiki ballistik raketlərin tətbiqi ilə birgə hərbi təlim keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, sentyabrın 12-də keçirilən təlimlərdə uzaqmənzilli artilleriya və raket qoşunlarının beş birləşməsinin bölmələri iştirak edib.
Təlimlər zamanı zərbə pilotsuz uçuş aparatlarından, eləcə də termobarik sursatlarla təchiz olunmuş iriçaplı yaylım atəşli reaktiv sistemlərdən də istifadə edilib.
Manevrlərə Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının sədr müavini, marşal Pak Çon Çon və Koreya Xalq Ordusunun Baş Qərargahının Artilleriya İdarəsinin rəisi general-mayor Yu Çan Son rəhbərlik edib.
KCNA-nın məlumatına görə, təlimlərdə iştirak edən bütün zərbə sistemləri müəyyən edilmiş hədəfləri eyni vaxtda və “100 faiz dəqiqliklə” vurub.
İlkin mənbə: Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA)