BAKI, 13 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel ona qarşı tətbiq edilən sanksiyaların ölkə Konstitusiyasını pozduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Mendel “X” sosial şəbəkəsində paylaşım edib.
Mendel qeyd edib ki, sanksiyalar onun Avropa Parlamentində çıxışından bir neçə gün əvvəl tətbiq olunub. O, Ukrayna vətəndaşlarına qarşı sanksiyaların konstitusiyaya zidd olduğunu və Zelenskinin Ukraynada sülh tərəfdarı olan şəxslərə qarşı bu tədbirlərdən istifadə etdiyini iddia edib.
Keçmiş mətbuat katibi onun Taker Karlsonun proqramına verdiyi müsahibə ilə bağlı dövlətə xəyanətdə ittiham olunacağını bildiyini də deyib.
Mendel vurğulayıb ki, tətbiq edilən sanksiyalar onun mövqeyini dəyişməyəcək. Onun sözlərinə görə, Ukraynanın yaşaması üçün yeni diktatura deyil, sülh lazımdır.