Şəki Dram Teatrı “Molla Pənah Vaqif ili”nə “Vaqif” tamaşasının nümayişi ilə yekun vurub.

Teleqraf.com xəbər verir ki, əsərin müəllifləri Vaqif Aslan və Mərdan Feyzullayevdir. Tamaşaya mərhum rejissor Mərdan Feyzullayev quruluş verib. Rollarda əməkdar artist Əbülfət Salahov, İlyas Əsədov, Akif Yusifov, Xanlar Həşimzadə, Aydın Əlibalayev, İqrar Salamov, Rəhim Qocayev və başqaları səhnəyə çıxıb.

Tamaşasını izləməyə gələnlər arasında Şəki Şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar və şəhər sakinləri olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı ilə bağlı geniş tədbirlər planı hazırlanıb.

M.P.Vaqifin adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib, bu il TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif İli” elan edilərək, çoxsaylı tədbirlər keçirilib.