BAKI, 7 iyul. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FİFA) ABŞ milli komandasının hücumçusu Folarin Baloqun barədə intizam tədbiri tətbiq edib.
Teleqraf xəbər verir ki, məlumata görə, futbolçu dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina yığmasına qarşı oyunda aldığı qırmızı vərəqəyə görə 40 min ABŞ dolları məbləğində cərimələnib. Bu barədə jurnalist Rob Harris "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, cərimənin yarısını ABŞ Futbol Federasiyası ödəyəcək.
Xatırladaq ki, iyulun 5-də FİFA-nın İntizam Komitəsi Baloqunun diskvalifikasiyasını müvəqqəti dayandıraraq onun Belçika millisinə qarşı keçiriləcək 1/8 final oyununda iştirakına icazə vermişdi.
Daha sonra jurnalist Ben Jacobs FİFA-nın bu qərarı Ağ Evdən edilən müraciətdən sonra qəbul etdiyini iddia etmişdi. ABŞ Prezidenti Donald Tramp isə sonradan FİFA prezidenti Canni İnfantino ilə danışdığını və futbolçunun diskvalifikasiyasına yenidən baxılmasını xahiş etdiyini təsdiqləmişdi.
Belçika Kral Futbol Assosiasiyasının qərardan verdiyi apellyasiya şikayəti isə iyulun 6-da FİFA-nın İntizam Komitəsi tərəfindən rədd edilib.
Folarin Baloqun Bosniya və Herseqovina ilə oyunda müdafiəçi Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə almışdı. O, rəqibini arxadan ayağına butsun şipiləri ilə vurmuşdu.