BAKI, 7 iyul. TELEQRAF

İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

Teleqraf xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

ABŞ-nin Dallas stadionunda keçirilən qarşılaşma İspaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 91-ci dəqiqədə meydana sonradan daxil olan Mikel Merino vurub.

30 yaşlı Rodri matçın tamamını əsas heyətdə keçirib.

Qeyd edək ki, İspaniya 1/4 finalda ABŞ – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.