BAKI, 7 iyul. TELEQRAF

NATO-nun Ankarada keçiriləcək sammiti alyansın müasir müharibə reallıqlarına nə dərəcədə hazır olması ilə bağlı sualların artdığı bir dövrə təsadüf edir.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin nüfuzlu NZZ (Neue Zürcher Zeitung) qəzeti yazıb.

Nəşrin qeyd etdiyi kimi, Avropa müttəfiqləri ABŞ-ın NATO-dakı hərbi iştirakının mümkün azalmasının nəticələrini minimuma endirməyə çalışdığı vaxtda hərbi texnologiyalar sürətlə inkişaf edir. Xüsusilə, Ukraynadakı müharibədə döyüş əməliyyatlarının əhəmiyyətli hissəsini pilotsuz uçuş aparatları həyata keçirir və onların bir qismi artıq süni intellekt elementlərindən istifadə edir.

Qəzetin fikrincə, bu tendensiya tanklar, haubitsalar və böyük hərbi birliklər kimi ənənəvi vasitələrin effektivliyini azaldır. Belə ki, onlar döyüş meydanında asan hədəfə çevrilir. Nəticədə min kilometrlərlə uzanan cəbhə xətti 10-30 kilometr enində “boz zona”ya çevrilib və burada robot sistemlər ayrı-ayrı əsgərlərlə, bəzən isə bir-biri ilə döyüşür.

NZZ yazır ki, gələcəyin müharibəsi artıq başlayıb və bu, NATO-nun yeni şəraitə uyğunlaşmaq qabiliyyəti ilə bağlı ciddi suallar yaradır. Nəşr hesab edir ki, pilotsuz sistemlərin sürətli inkişafı müdafiə sahəsində ənənəvi investisiya prioritetlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Məqalədə həmçinin vurğulanır ki, texnoloji üstünlüyə malik olan ABŞ belə İranda baş verən hadisələr fonunda bahalı və ənənəvi silah sistemlərinin tətbiqində müəyyən məhdudiyyətlərlə üzləşib.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçılarının sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Toplantıda Avroatlantik məkan üçün təhdidlər, Ukrayna məsələsi və alyansın cənub cinahının təhlükəsizliyi əsas müzakirə mövzuları olacaq.