BAKI, 7 iyul. TELEQRAF
Braziliyanın xarici işlər naziri Mauro Vieyra ABŞ-nin ölkənin ən böyük cinayətkar qruplaşmalarını terror təşkilatı kimi tanımasından sonra hərbi müdaxilə riskinin artdığını bəyan edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə Braziliya Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı danışıb.
“ABŞ hakimiyyətinin qərarı Braziliya vətəndaşları üçün maliyyə və miqrasiya sahələrində ciddi risklər yaradır. Nəhayət, ABŞ tərəfindən Braziliya ərazisində hərbi güc tətbiqi ehtimalı da meydana çıxıb”, - deyə Vieyra bildirib.
"CNN Brasil" telekanalının məlumatına görə, Braziliya Xarici İşlər Nazirliyindəki mənbələr Vaşinqtonun Comando Vermelho (“Qırmızı Komanda”) və Primeiro Comando da Capital (“Birinci Paytaxt Komandası”) qruplaşmalarını “beynəlxalq terror təşkilatları” siyahısına daxil etməsinin mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizədə əlavə üstünlük yaratmayacağını düşünürlər.
Məlumata görə, Braziliya hakimiyyəti daha əvvəl də ABŞ-nin iyunun 5-dən etibarən ölkədə fəaliyyət göstərən cinayətkar qruplaşmaları terrorçu təşkilat kimi tanımasını dövlət suverenliyinə təhdid kimi qiymətləndirmişdi.