BAKI, 6 iyul. TELEQRAF
Fransa Futbol Federasiyası (FFF) milli komandanın kapitanı Kilian Mbappeyə qarşı Paraqvay senatoru Seleste Amarilyanın səsləndirdiyi təhqiramiz və irqçi fikirlərlə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, qurum senatorun açıqlamalarını qəti şəkildə pisləyib.
“Paraqvay senatoru Seleste Amarilyanın Kilian Mbappeyə qarşı səsləndirdiyi irqçi ifadələr tamamilə iyrənc və qəbuledilməzdir. Belə sözləri necə demək olar? Bu açıqlamalar cinayət xarakteri daşıyır və qınanılmalıdır. Digər ölkələrdə olduğu kimi, onlar da qanun çərçivəsində cəzalandırılmalıdır”, – bəyanatda bildirilib.
Federasiya kapitanına, milli komandanın bütün futbolçularına və nifrət xarakterli çıxışların qurbanı olan hər kəsə tam dəstək verdiyini vurğulayıb.
“FFF əvvəlkindən daha qətiyyətlə irqçilik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparacaq. Bu cür açıqlamalar onları səsləndirənləri və yayanları rüsvay edir. Fransa millisinin futbolçuları Fransanı təmsil edir. Onlara ünvanlanan təhqir ölkəmizə qarşı təhqirdir”, – bəyanatda qeyd olunub.
FFF əlavə edib ki, məsələ ilə bağlı cinayət işinin başlanması üçün Fransa Prokurorluğuna rəsmi müraciət olunub.
Qeyd edək ki, Seleste Amarilya DÇ-2026-nın 1/8 finalında keçirilən Fransa – Paraqvay matçından sonra Kilian Mbappe barədə təhqiramiz ifadələr işlədib və Paraqvay millisinin futbolçularını ona şillə vurmamaqda qınayıb.