BAKI, 7 iyul. TELEQRAF
Dünya futbolunun ulduzu Kriştianu Ronaldu dünya çempionu olmadan karyerasını başa vuracaq.
Teleqraf xəbər verir ki, bu, Portuqaliya millisinin 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmasından sonra dəqiqləşib.
Bununla da Ronaldunun dünya çempionatlarındakı çıxışı başa çatıb.
41 yaşlı hücumçu karyerası ərzində altı dünya çempionatında Portuqaliya millisinin formasını geyinib. O, 2006-cı il mundialında yarımfinala yüksəlib və 1 qol vurub. Ronaldu 2010-cu ildə 1/8 finalda 1 qol və 1 məhsuldar ötürmə, 2014-cü ildə qrup mərhələsində 1 qol və 1 məhsuldar ötürmə, 2018-ci ildə 1/8 finalda 4 qol, 2022-ci ildə 1/4 finalda 1 qol, 2026-cı ildə isə 1/8 finalda 3 qolla yadda qalıb.
Beləliklə, milli komandanın heyətində çoxsaylı rekordlara imza atan Ronaldu futbol tarixinin ən böyük oyunçularından biri kimi yadda qalsa da, dünya çempionluğu titulunu karyerasına əlavə edə bilməyib.
Qeyd edək ki, Ronaldunun bacısı Katia Aveyro dünya çempionatından əvvəl futbolçunun bu turnirdən sonra Portuqaliya millisindəki karyerasını başa vuracağını açıqlamışdı.