BAKI, 7 iyul. TELEQRAF
Paraqvay hökuməti senator Selesta Amarilyanın Fransa milli komandasının kapitanı Kilian Mbappe barədə səsləndirdiyi irqçi ifadələri pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, senatorun açıqlamaları ölkənin təşviq etdiyi dəyərlərə, insan ləyaqətinə hörmət və dinc birgəyaşayış prinsiplərinə ziddir.
“Paraqvay hökuməti insan hüquqlarının, bərabərliyin və qarşılıqlı hörmətin təşviqinə sadiqliyini bir daha təsdiqləyir. Biz irqçilik, ksenofobiya, dözümsüzlük, nifrət və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəni dəstəkləyirik”, – bəyanatda vurğulanıb.
Rəsmi qurum həmçinin senatorun sözlərindən zərər çəkmiş şəxslərlə həmrəy olduğunu bildirib və Paraqvayın Fransa xalqına hörmətini ifadə edib. Bəyanatda iki ölkə arasında tarixi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu qeyd olunub.
Xatırladaq ki, Selesta Amarilya futbol üzrə dünya çempionatının 1/8 finalında Fransa və Paraqvay yığmaları arasında keçirilən oyundan sonra Kilian Mbappe barədə irqçi xarakterli ifadələr işlətmişdi. Həmin görüşdə yeganə qolu Mbappe vuraraq komandasına 1:0 hesablı qələbə qazandırmışdı.
Bundan sonra Fransa Futbol Federasiyası senatorun açıqlamalarını qəbuledilməz adlandıraraq prokurorluğa müraciət etdiyini açıqlamışdı.
Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe hazırda Real Madrid klubunun formasını geyinir. O, Fransa millisinin heyətində 2018-ci il dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.
Fransa millisi dünya çempionatının 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq.