BAKI, 9 oktyabr. TELEQRAF
Nyu-York meri Zohran Mamdani ABŞ Prezidenti Donald Trampdan İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) şəhərdə keçirdiyi əməliyyatların dayandırılmasını tələb edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Mamdani “X” sosial şəbəkəsində paylaşım edib.
“Prezidentlə danışanda ondan ICE-nin şəhərimizdəki bütün hüquq-mühafizə fəaliyyətinə son qoymasını tələb edəcəyəm. ICE əməkdaşlarının sakinlərimizi terror etməsinə dözməyəcəyəm”, – mer bildirib.
Açıqlama Nyu-Yorkun Bronks rayonunda ICE əməkdaşlarının atəş açması ilə bağlı insidentdən sonra verilib.
Mamdaninin sözlərinə görə, hadisə nəticəsində Nyu-York sakinlərindən biri yaralanıb. İlkin məlumatlara əsasən, ICE əməkdaşları həmin şəxsin və avtomobildə onunla birlikdə olan beş yaşlı uşağın ətrafını mühasirəyə alaraq bir neçə dəfə atəş açıblar.
Mer bildirib ki, uşağın fiziki xəsarət almadığı ehtimal edilir.
“ICE-ni məhəllələrimizdən, xəstəxanalarımızdan, küçələrimizdən və uşaqlarımızdan uzaqlaşdırın. ICE-ni ləğv edin”, – Mamdani çağırış edib